Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın

4-03-2026, 17:24           
Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
Borc münasibətləri gündəlik həyatda ən çox rast gəlinən hüquqi məsələlərdən biridir. Dost-tanış arasında alınan kiçik məbləğdən tutmuş böyük məbləğli müqavilələrə qədər borc münasibətləri tərəflər arasında etimada əsaslanır. Lakin bəzən qaytarılma vaxtı çatdıqda anlaşılmazlıq, gecikmə və ya ümumiyyətlə inkar halları mübahisəyə səbəb olur.

Şəxslər arasında yaranmış borc mübahisəsində vətəndaş özünü necə qoruya bilər?

Vəkil Roman Qaraşov Valyuta.az-a bildirir ki, borcun sonradan geri tələb edilə bilməsi üçün vətəndaş pulu elə formada verməlidir ki, mübahisə yarananda, iki əsas fakt şübhəsiz sübuta yetirilsin:

“Birincisi, pul həqiqətən verilib, ikincisi isə bu pul hədiyyə və ya başqa məqsədlə deyil, məhz borcdur və qaytarılmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsi borc münasibətinin mahiyyətini təsbit edir: borcverən pul vəsaitini borcalana verir, borcalan isə aldığı məbləği eyni məbləğdə geri qaytarmağı öhdəsinə götürür. Bu səbəbdən borcu “şifahi razılaşma” ilə deyil, mümkün qədər hüquqi cəhətdən sübut edilməsi mümkün olan formada vermək lazımdır. Xüsusilə də nağdsız ödənişlərdə borcun verildiyi gün – borc məbləğinin borcalanın hesabına mədaxil edildiyi tarix sayılır (MM, maddə 739.3). Bu isə bank köçürməsini praktikada ən güclü sübut vasitəsinə çevirir”.

Vəkil ən təhlükəsiz yanaşmanın borcu yazılı sənədlə rəsmiləşdirmək olduğunu vurğulayır:

“Borc müqaviləsi və ya ən azı borc qəbzi tərtib olunur, tərəflərin tam rekvizitləri, borcun məbləği, verilmə tarixi, qaytarılma tarixi və qaytarma qaydası açıq şəkildə göstərilir və sənəd imzalanır. Qanun tələb edir ki, borcun məbləği 3000 manatdan çox olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM, maddə 739.2). Pul köçürmə yolu ilə verilirsə, təyinat hissəsində “borc” və ya “borc müqaviləsi üzrə” qeydinin yazılması sonradan borcun mahiyyəti ilə bağlı mübahisələrin qarşısını alır və sübutetməni xeyli asanlaşdırır. Qaytarma müddətinin dəqiq göstərilməsi isə borcun icrası ilə bağlı tələbin hansı tarixdən gecikmiş sayılacağını aydınlaşdırır və sonrakı hüquqi addımların – məhkəmə iddiasının – ardıcıllığını düzgün qurmağa imkan verir. Borc tələbləri üzrə iddia müddəti 3 ildir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru