İran Azərbaycan sərhədi boyunca hava məkanını bağladı — Nə baş verir? (ŞƏRH)

27-02-2026, 00:14           
İran Azərbaycan sərhədi boyunca hava məkanını bağladı — Nə baş verir? (ŞƏRH)
İranın Azərbaycan sərhədi boyunca hava məkanını bağlaması və pilotsuz uçuş aparatları ilə bağlı yayılan xəbərlər narahatlıq yaradıb. Bu addım həm regional təhlükəsizlik, həm də hava nəqliyyatı sahəsində mümkün riskləri gündəmə gətirir.

Baş verənləri şərh edən politoloq Turan Rzayev Demokrat.az-a bildirib ki, bu, ABŞ-nin regiondakı strateji maraqlarına cavab olaraq görülən tədbirlərdir

"İranın Azərbaycana qarşı daim bir təhdid hiss etdiyi məlumdur. Hətta bir sıra iranlı mühafizəkarlar iddia edir ki, Azərbaycanda İsrailə məxsus hərbi baza və aviasiya infrastrukturu var, və ABŞ bu bazalardan istifadə edərək hücum planları hazırlayır. Halbuki reallıq ondan ibarətdir ki, Azərbaycan və ABŞ arasında münasibətlər inkişaf etsə də, ölkəmizin İsrail ilə strateji tərəfdaşlığı olmasına baxmayaraq, Azərbaycanın xarici siyasət prioritetləri dəyişməzdir".

O, bildirib ki, Azərbaycan ərazisində heç bir xarici ölkənin hərbi bazası yerləşdirilə bilməz və bu ərazi digər ölkələrə hücum platforması kimi istifadə edilə bilməz:

"Konstitusiyamız buna icazə vermir və belə bir öhdəlik də mövcud deyil. Mən inanmıram ki, İranın Azərbaycana qarşı destruktiv addımlarına baxmayaraq, Azərbaycan İrana qarşı indiyədək hər hansı təxribatçı addım atıb. Biz iqtisadi sanksiyalara qoşulmamışıq, hərbi bloklarda iştirak etməmişik və heç bir başqa hərbi əməliyyatlara qarışmamışıq. İranın Azərbaycana qarşı gərginlik yaratması, əsasən, onun öz maraqlarına xidmət edən addımlar çərçivəsindədir. Lakin İran bu məsələləri daha qlobal səviyyədə görür və Azərbaycandan özünə qarşı təhdid gözləyir. Prinsipcə, İranda gərginliyin yaranmasında Azərbaycan maraqlı deyil. Xüsusilə, İranın daxilində geniş miqyaslı münaqişə baş verərsə, bu, Azərbaycanın tarixi torpaqları olan Güney Azərbaycanda və orada yaşayan soydaşlarımızın yaşadığı ərazilərə təsir göstərə bilər. Belə bir vəziyyətdə isə bu insanların ünsiyyət quracağı əsas iki ölkə olacaq: Azərbaycan və Türkiyə".

"Tarixi təcrübəyə baxsaq, 1988-1990-cı illərdə Azərbaycan həm qərb bölgələrində yaşayan soydaşlarımız, həm də Qarabağ bölgəsindəki azərbaycanlılar üçün qaçqın və miqrant böhranı ilə üzləşib. Bu baxımdan, Azərbaycan yenidən belə bir riskli hərəkətə gedəcək deyə düşünmürəm. Beləliklə, İranın bu yanaşmaları hazırki durumlarına əsaslanır və bu, əslində konkret bir siyasi paranoyadır" - politoloq qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru