Banklarda dollarla bağlı nə baş verir?

8-05-2026, 08:44           
Banklarda dollarla bağlı nə baş verir?
Profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib.

Referans Media xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub. Belə ki, ilkin rəqəmlərə görə, 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28 faizə enib.

Mərkəzi Bank dollara tələbin azalması fonunda son iki ayda bir dəfə də olsun valyuta hərracı keçirməyib. Valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 29,7 milyon ABŞ dolları artıb.

T.Kazımov bildirib ki, qarşıdakı 2-3 ayda valyuta bazarında cari vəziyyət davam edəcək: “Ehtimal olunur ki, AMB ilin sonunda yenidən valyuta bazarına müdaxilə etsin”.

Qeyd edək ki, banklarda dollara tələbatın azalması əhalinin tələbinin azalmasından qaynaqlanır. Əhali əvvəlcədən yığım kimi topladığı dollarları daha sürətlə satır. “Biz gözləyirik ki, yaxın 2-3 ayda valyuta bazarındakı cari situasiya davam etsin. Ola bilsin ki, ilin ikinci yarısında, ehtimal ki, sonunda biz valyuta bazarına yenidən müdaxilə edək. Bildiyiniz kimi, adətən ilin ikinci yarısında iqtisadi aktivlik daha yüksək olur. Eyni zamanda ilin sonuna doğru büdcə xərcləmələri artır. Lakin bizim belə bir gözləntimiz yoxdur ki, ilin sonuna doğru valyutaya tələb kəskin artacaq”.

Əhalinin dollar satışının alışından çox olması prosesinin davamlı olmasının iqtisadiyyata hansı təsirləri mümkündür? Bu məsələ makroiqtisadi baxımdan hansısa təhdid formalaşdırırmı? Mərkəzi Bank rəhbərinin sözlərinə görə, dollar tələbin azalması, əhalinin dollar satışının alışını üstələməsi təhlükəli proses deyil: “Valyuta tələbini yaradan əsas nağd bazarıdır, sonrakı yerdə iqtisadi aktivlik gəlir. Bizim üçün vacib məqam odur ki, dollar satışı ilə bərabər fiziki şəxslərin manat əmanətləri də sürətlə artır -ötən illə müqayisədə 15 faizdən çox. 30 min manatadək olan əmanətlərin, eyni zamanda əmanətçilərin sayı da böyük sürətlə artır. Son iki ildə unikal əmanətçilərin sayı demək olar ki, 2 dəfə artıb. Bu, bizi sevindirir, çünki manata inamın artmasını göstərən amildir. İnsanlar dolları satıb həm cari xərclərini qarşılayır, həm də manatla əmanət qoyurlar. Bu vəsaitlər banklar vasitəsilə iqtisadiyyata yatırılır. Bu il ərzində biz nağd valyuta bazarındakı indiki vəziyyətin davam edəcəyini gözləyirik. Bu şəraitdə görsək ki, təklif tələbi üstələyir, onda alışyönümlü müdaxilə edəcəyik”.

Onu da qeyd edək ki, əhalinin daha çox dollar satmasının bir mühüm səbəbi də yüksək inflyasiya şəraitində gəlirlərin xərclərin getdikcə daha az hissəsini qarşılamasıdır. Belə ki, İran ətrafında yaranan gərginlik dünya enerji bazarında qiymətlərin kəskin artması ilə nəticələnib. Beynəlxalq təşkilatların proqnozlarına əsasən enerji bazarındakı mövcud qiymət şərtləri yaxın həftələrdə digər əmtəələrin də qiymətlərində bahalaşmaya gətirib çıxaracaq. Nəticədə qlobal inflyasiya sürətlənəcək. Daxili bazarı idxaldan kəskin asılı olan digər ölkələr kimi, Azərbaycanda da qlobal bazarlardakı bahalaşma inflyasiyanı sürətləndirir. Digər tərəfdən, təcrübə göstərir ki, dünya bazarında bir məhsulun qiyməti 5 faiz bahalaşanda Azərbaycan bazarına bu, 10 faiz olaraq əks olunur. İdxalda olan inhisarçılıq qiymətlərin əsassız olaraq artımının əsas səbəbi kimi çıxış edir.

Bu ilin birinci rübündə Azərbaycanda inflyasiya 5,7 faiz, ərzaq məhsullarında isə 6,5 faizə bərabər olub. Enerji qiymətlərinin yüksək olaraq qalması yaxın 1-2 ay ərzində inflyasiyanın daha da sürətlənməsinə gətirib çıxaracaq. Bu isə əhalinin yığımlarının - dollar ehtiyatlarının daha sürətlə xərclənərək tükənməsinə səbəb ola bilər. Yığımlarını xərclədikdən sonra insanların məcburən borclanmaya getmə halları arta, xüsusilə istehlak kreditlərinin həcminin yüksəlməsinə səbəb ola bilər. Nəzərə alsaq ki, ölkədə iqtisadi aktivliyin kəskin azalması müşahidə olunur, onda götürülən kreditlərdən daha çox hissənin qaytarılmasında problemlərin yaranacağını gözləmək olar. Beləliklə də problemli kreditlərin məbləğində ötən ildən başlayan artımın daha da sürətlənməsi müşahidə olunacaq.

Azərbaycan hökumətinin bu perspektivin reallığa çevrilməməsi üçün inflyasiyanın sürətlənməsi şəraitində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atması vacibdir.

Dollar alışının azalmasında isə əsas səbəblərdən biri olaraq quru sərhədlərin bağlı olması çıxış edir. İnsanlar səyahət, gəzinti üçün xarici ölkələrə hava nəqliyyatı ilə getməlidilər. Əhalinin çoxunun buna imkanı çatmadığı üçün Azərbaycanın özündə istirahət etməyə üstünlük verir. Digər tərəfdən, quru sərhədlərin bağlı olması adətən daha çox dollarla aparılan sərhədyanı ticarəti dayandırıb. Bunun nəticəsində dollara tələbat və əhali tərəfindən bu valyutanın alışları düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru