Mağazalarda "çəki oyunu" — Görünməyən bahalaşma
9-05-2026, 10:24

Azərbaycanın pərakəndə satış şəbəkələrində son vaxtlar müşahidə olunan mənzərə alıcıları ciddi şəkildə narahat edir. Market rəflərində məhsulların qiymət etiketləri dəyişməsə də, diqqətli istehlakçılar qablaşdırmaların həcminin kiçildiyini və çəkinin azaldığını dərhal hiss edirlər. Bu proses əhali arasında haqlı olaraq gizli bahalaşma kimi qəbul edilir. İnsanlar illərdir öyrəşdikləri standart çəkili məhsulların yerinə artıq daha yüngül paketlər görürlər. Bu vəziyyət isə sual doğurur: Məhsulun çəkisini azaldıb qiyməti sabit saxlamaq nə dərəcədə qanunidir və bu addım alıcını aldatmaq deyilmi?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, bu həqiqətən də ciddi məsələdir. Burada söhbət gizli bahalaşmadan, yəni məhsulun qiyməti dəyişmədən çəkisinin azaldılması yolu ilə baş verən qiymət artımından gedir:
Hazırda süd, yağ, un məmulatları və hətta təmizlik vasitələrinin qablaşdırmalarında kütləvi çəki azalması müşahidə olunur. Məsələn, əvvəllər 1 kiloqram olan paketlər indi 800 və ya 900 qram, 500 qramlıq xamalar isə 400-450 qramla əvəzlənib. Qiymətin eyni qalması istehlakçıda psixoloji olaraq inflyasiyanın hiss olunmaması təəssüratını yaratsa da, reallıqda vətəndaşın cibindən daha çox vəsait çıxmış olur. Çünki vahid çəkiyə düşən məbləğ avtomatik yüksəlir.
Ekspert qeyd edir ki, qanunvericilik tərəfindən bu məsələdə müəyyən sərhədlər mövcuddur. "Əgər məhsulun real çəkisi qablaşdırmada qeyd olunan çəkiyə uyğundursa, burada qanunsuz hal yoxdur. Çünki Azərbaycanda ərzaq məhsullarının qiymətləri dövlət tərəfindən birbaşa tənzimlənmir və bazar prinsipləri əsasında formalaşır. İstehsalçı və ya satıcı məhsulun qiymətini artırmaq əvəzinə çəkisini azaltmağı seçə bilər. Bu da iqtisadi baxımdan bahalaşmanın formalarından biri hesab olunur",- deyə Natiq Cəfərli vurğulayır.
İstehsalçılar bu addımı xərclərin artması ilə əsaslandırırlar. Enerji daşıyıcılarının, xammalın və daşınma xərclərinin yüksəlməsi fonunda qiyməti artırmaq alıcının kəskin reaksiyasına səbəb ola bilər. Bu səbəbdən şirkətlər daha "səssiz" yola əl ataraq həcmi kiçiltməyə üstünlük verirlər. Xüsusilə gündəlik tələbat mallarında bu tendensiya daha qabarıqdır.
Ekspert deyib ki, xüsusilə çörək və un məmulatlarında bu üsula daha tez-tez rast gəlinir: "Yəni qiymət eyni qalır, amma məhsulun çəkisi azalır. Son dövrlərdə artan istehsal və logistika xərcləri səbəbindən digər məhsul kateqoriyalarında da bu cür addımların atılması müşahidə olunur. Bu səbəbdən istehlakçılar məhsul alarkən təkcə qiymətə deyil, həm də çəkisinə və qablaşdırma məlumatlarına diqqət yetirməlidirlər".
Vətəndaşlar üçün çıxış yolu marketlərdə daha diqqətli olmaqdır. Çox vaxt eyni qiymətə olan iki fərqli markanın məhsulu arasında 50-100 qramlıq fərqlər ola bilir ki, bu da ay sonunda ailə büdcəsinə əhəmiyyətli dərəcədə təsir edir. İstehlakçı hüquqlarının müdafiəsi baxımından isə əsas tələb odur ki, qabın üzərində yazılan rəqəm tərəzidəki çəki ilə üst-üstə düşsün. Əks halda bu, artıq iqtisadi manevr deyil, birbaşa qanun pozuntusudur.

