İslahat adı altında ixtisar aparılır.
27-05-2026, 10:45

Minlərlə minimum əmək haqqına işləyən insanlar işsiz qalır.
Mediada isə bu "islahatlar" korrupsiyaya qarşı mübarizə kimi təqdim edilir. Təsəvvür edin ki, minlərlə insan iş yerini itirir. Mövcud struktur ləğv olunur. İnzibati binalar, texnikalar və sair ləğv edilir. Bəzən bunu mətbuata "islahat", bəzən "xərclərə qənaət", bəzən də "korrupsiyaya qarşı mübarizə" kimi təqdim edirlər.
Bəli Azərbaycanda yol təsərrüfatının idarəedilməsində korrpusiyanın miqyası milyard manatlarla ölçülür. Müvafiq olaraq idarə rəhbərləri, məmurlar milyonlar mənimsəyir.
Bu danılmaz faktdır. Ən böyük korrupsiya halı da elə Saleh Məmmədovun dövründə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində baş verib desək bəlkə də yalan olmaz.
Lakin mövcud strukturların idarəedilməsini optimallaşdırmaq, şəffaflığı təmin etmək üçün hazır strukturları ləğv etmək yox, onların daha faydalı və səmərəli işini yenidən təşkil etmək olar.
Məsələn Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri kimi. Bu MMC-lər ləğv edilir. Bu günə qədər ləğv olunan qurumlar aşağıdakılardır:
2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC
8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC
7 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC
10 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC
9 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC
6 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC
4 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC
5 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC
Mətbuata təqdim edilən məlumatlarda qeyd edilir ki, bu MMC-lərdə şəffaflıq olmayıb, yeyinti olub. Bu MMC-lər lüzumsuz qurumdur.
Lakin heç kim nəzərə almır ki, əlinə bel alıb 10 km uzunluqda magistral yolların kənarlarındakı yaşıllıqlara xidmət edən fəhlə quru maaşa qulluq edib. Tutaq ki, bu MMC-lərdə yeyinti var. Və buna da şübhə yoxdur. O zaman niyə bu qurumları normal struktur kimi yenidən formalaşdırmırlar?
İndi bəziəri iddia edəcək ki, bu Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri heç bir iş görməyib. Bu təmamilə yalandır. Bakıdan Mərkəzi Aran rayonlarına qədər son 10 ildə yol kənarlarında salınan yaşıllıq massivlərini yəqin hamınız görmüsünüz. Qobustan, Nəvai, Pirsaat, Hacıqabul istiqamətində Bakı-Qazax magistralının sağ və sol çiyinlərində salınan yaşıllıqlar göz oxşayır.
Bundan sonra o yaşıllıqlara kim qulluq edəcək?
Yeyiinti var idi?
Bəli var idi və külli miqdarda.
Saleh Məmmədov və qohumları talayırdı?
Bəli, talayırdı araşdırın cəzalandırın.
Mənimsənilən vəsaitlərin, dövlətə vurulmuş ziyanın büdcəyə geri ödənilməsini təmin edin. Amma hazır strukturları ləğv edib, minlərlə minimum əmək hzaqqına möhtac insanları Allahın ümidinə buraxmayın.
Məqsəd əgər büdcə üzrə xərclərə qənaət etməkdirsə, o zaman bir nazirin 12 müşavirinin, hər müşavirin katibəsini, hər müşavirin xidməti avtomobilini, hər katibənin xidməti avtomobilini azaldın. Amma minlərlə fəhləni işsiz çöllərə atmayın.
Dövlətin büdcəsini talayan Saleh Məmmədovkimilərdir. O zavallı fəhlələr deyil...
Və o Saleh Məmmədovkimilər bundan sonra 100 il də işsiz qalsa yenə kral kimi yaşayacaq...
Razi Abasbəyli
TEREF

