Bahalı tullantı: 100 milyard dollarlıq layihə niyə narazılıq yaradır?
29-05-2026, 00:10

ABŞ Hərbi Dəniz Qüvvələri bu ay sahilyanı döyüş gəmiləri sinfinə aid ("LCS” — Littoral Combat Ship) sonuncu gəmini — "USS Cleveland”u xidmətə qəbul edib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, 2008-ci ildən etibarən bu layihə çoxsaylı texniki nasazlıqlar və qəzalarla müşayiət olunub və nəticədə "LCS” qısaltması bir çoxları üçün uğursuzluğun simvoluna çevrilib.
Bundan əlavə, layihə olduqca bahalı eksperiment hesab olunur. Proqramın dəyəri təxminən 60 milyard dollar qiymətləndirilsə də, "ProPublica”nın 2023-cü il hesabatında yekun məbləğin 100 milyard dolları keçə biləcəyi qeyd olunub.
Hesabatda layihə belə xarakterizə edilir:
"Hərb tarixində həddindən artıq baha qiymətləndirilmiş və səmərəsiz silah sistemlərinin alınması ilə bağlı ən uğursuz avantüralardan biri”.
"LCS” sinifli gəmilər haqqında nə məlumdur?
"LCS” sinifli gəmilər ABŞ-ın suüstü donanmasının "aşağı səviyyəli” seqmentinə aid edilir. Onlar idarəolunan raketli esmineslərdən daha kiçikdir, ekipajı azdır, atəş gücü və müdafiə imkanları məhduddur. Bununla belə, daha sürətli hərəkət edir və dayaz sularda fəaliyyət göstərə bilir.
Bu gəmilərdə ənənəvi pervane və sükan sistemi istifadə edilmir. Onların hərəkəti qaz turbinləri ilə işləyən yüksək sürətli su reaktivləri vasitəsilə təmin olunur. Belə konstruksiya gəmilərə dayaz sularda fəaliyyət göstərməyə və minaların yerləşdirilməsi üçün istifadə olunan kabel və naqillərə ilişməməyə imkan verir.
"LCS” gəmilərindən birinin komandiri onları bir dəfə belə təsvir etmişdi:
"Uçuş meydançası və topu olan hərbi hidrotsikl”.
"LCS” gəmiləri ABŞ-ın hərbi-dəniz gücünün əsas elementlərindən biri kimi nəzərdə tutulurdu. Onların əsas fəaliyyət zonaları kimi Fars körfəzi və Cənubi Çin dənizi göstərilirdi.
Layihənin tərəfdarları bu gəmiləri "küçə döyüşçüsü” adlandırır, onların sürətli, kiçik kater qrupları ilə mübarizə aparmaq və İranın Hörmüz boğazında yerləşdirdiyi minaları aşkar etmək qabiliyyətinə malik olduğunu vurğulayırdılar.
Lakin problemlər qısa müddətdə üzə çıxmağa başladı. 2016-cı ilin yanvarında "USS Fort Worth” gəmisinin mühərrik sistemi Sinqapurda sıradan çıxdı və gəmi səkkiz ay ərzində istifadədən kənarda qaldı. Bu hadisə həmin il "LCS” donanmasında baş vermiş dörd texniki nasazlıqdan biri idi və gəmilərin etibarlılığına ciddi zərbə vurdu.
"LCS” layihəsindəki problemlər daha aydın göründükcə, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi proqram üçün ayrılmış vəsaitin başqa məqsədlərə daha səmərəli yönəldilə biləcəyini düşünməyə başladı.
2021-ci ildən etibarən ən köhnə gəmilərin istismardan çıxarılmasına başlanılıb. Bu günədək yeddi gəmi xidmətdən çıxarılıb. Onların arasında "USS Sioux City” də var. Həmin gəmi cəmi beş il xidmətdən sonra 2023-cü ildə istifadədən çıxarılıb, halbuki ABŞ donanmasında gəmilər adətən təxminən 25 il xidmət edir.
Analitiklər bildirirlər ki, bu gəmilərin real döyüş şəraitində nə dərəcədə faydalı olacağı hələ də sual altındadır. Həmçinin İranla hazırkı qarşıdurma zamanı Yaxın Şərqdə mina təmizləmə əməliyyatları üçün yerləşdirilmiş üç "LCS” gəmisinin öz tapşırığını effektiv yerinə yetirdiyinə dair sübut yoxdur.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı Karl Şuster CNN-ə açıqlamasında bildirib ki, "LCS” gəmilərinin hava hücumundan müdafiə imkanları real döyüş əməliyyatları üçün kifayət etmir:
"Bu gəmilər qanadlı raketlər, pilotsuz aparat və aviasiya hücumları üçün asan hədəfdir. Təhlükə olan hər hansı vəziyyətdə onlar praktiki olaraq müdafiəsizdirlər. Hətta hava hücumu, dron, raket və ya düşmən katerləri təhlükəsi olan bölgələrdə piratlara qarşı patrul xidməti belə onlar üçün çox risklidir”.

