Azərbaycan çayına, kompotuna qonaq olan Nikulinin Bakı xatirəsi
21-12-2025, 00:01

Azərbaycan çayına, kompotuna qonaq olan Nikulinin Bakı xatirəsi: 1968-ci ildə çəkilən "Brilyant əl" filmində Bakı tamaşaçılara İstanbul kimi təqdim edilib. Filmin Bakıdakı çəkilişləri 15 gün davam edib - sentyabrın ortalarında Bakının qədim hissəsi İçərişəhərdə aparılıb. Filmdə İçərişəhərin bəzi görməli yerləri, Cümə məscidi və Şirvanşahlar sarayı çəkilib.
Sakinlər çəkiliş zamanı məşhur aktyorları görmək üçün əvvəlcədən yer ayırıblar. Fasilələr zamanı çəkiliş qrupuna çay, hətta şirniyyatlar veriblər. Çəkilişdən sonra hətta onları evlərinə qonaq çağırıblar.
Aktyorlar çəkilişlərdən sonra şəhəri gəzməyə çıxıblar. Sakinlər isə sözün əsl mənasında, onları “əllərində gəzdiriblər”, ləzzətli kabab və şərablara qonaq ediblər. Yuri Nikulini isə çoxları aktyor kimi deyil, yaxın şəxs, dost kimi qəbul ediblər. O, özü də sakinlərlə mehriban ünsiyyət qurur, zarafatlaşır, nərd oynayırdı. Bakı sakinləri Nikulini hədsiz sevirdi; aktyor su istəyəndə dərhal hər cür qazlı içkilər, mürəbbəli və şirniyyatlı çay, sərin ev kompotları gətirirdilər. O, sakinlərlə ən isti münasibət quran aktyor idi.
Bakıda olanda Nikulində nərd oynamağa həvəs yaranıb və İçərişəhər sakinləri ona nərd hədiyyə edəndə çox təsirlənir.
Yuri Nikulin filmdən sonra bir neçə dəfə Bakıda oldu, Mixail Şuydinlə məşhur kloun duetində çıxış edib. “Mən təkcə “Brilyant əl” filmində deyil, Moskva sirki ilə Bakıda qastrol səfərində olanda da Azərbaycan havasından doymuşam...”- aktyor xatırlayırdı.
Famil Camal.

