Hazırda mövcud olan türk respublikalarının dillərini türk mənşəli sözlərin qorunması baxımından sıralasaq, mənzərə təxminən belə olar
12-01-2026, 08:54

Hazırda mövcud olan türk respublikalarının dillərini türk mənşəli sözlərin qorunması baxımından sıralasaq, mənzərə təxminən belə olar:
1. Qırğız dili
Dağlıq və nisbətən təcrid olunmuş coğrafiyada inkişaf etdiyi üçün qədim türk sözlərini bəlkə də ən təmiz şəkildə qoruyub saxlayan dildir.
2. Qazax dili
Köçəri həyat tərzinin davam etməsi qədim türk köklərinin qorunmasına şərait yaradıb. Qırğız və qazax dilləri bir-birini təxminən 90% səviyyəsində qarşılıqlı anlayır.
3. Türkmən dili
Oğuz qrupunun ən saf dillərindən sayılır, amma yenə də qıpçaq dillərinə uduzur. Səhra həyat tərzini qoruduqları üçün ərəb və fars sözləri dilə az keçib.
Sovet dövründə türkmənləri digər türklərdən ayırmaq məqsədilə dilə və əlifbaya “pəltək s” və “pəltək z” səsləri daxil edildi. Nəticədə “sağ ol” əvəzinə “thaq ol” kimi tələffüzlər formalaşdı.
4. Türkiyə türkcəsi
Osmanlı dövründə ərəb–fars tərkibli sözlərin ən çox olduğu türk dili idi. Lakin 1932-ci ildə Atatürkün başladığı Dil İnqilabı nəticəsində dil ciddi şəkildə saflaşdırıldı, qədim türk köklü sözlər yenidən dövriyyəyə salındı.
Tapılmayan terminlər üçün yeni sözlər yaradıldı:
öyrətmən, uçaq, buzdolabı və s.
Bu islahatlar nəticəsində Türkiyə türkcəsi həm də dünyanın ən zəngin dillərindən birinə çevrildi.
5. Tatar dili
Həm qıpçaq, həm də oğuz elementlərini özündə birləşdirir. Tarixən imperiya dili olduğu üçün ərəb-fars mənşəli sözlər çoxdur, üstəlik güclü rus təsiri də mövcuddur.
6. Azərbaycan dili
Ərəb və fars mənşəli sözlərin sıxlığı baxımından olduqca zəngindir. Klassik şairlərimiz yalnız başqa dildə yazmaqla kifayətlənməyib, demək olar ki, ölmək üzrə olan fars dilini yenidən dirildib zənginləşdiriblər.
Feilləri, bədən üzvlərini və təbiət hadisələrini çıxsaq, geridə əsasən ərəb-fars sözləri qalır. Müstəqil respublika olsaq da, ciddi dil islahatı aparılmadığı üçün Azərbaycan dili bu baxımdan dünyanın ən zəif qorunan dillərindən biri vəziyyətindədir.
Türkiyədə kəndlərdə işlənən ən xırda sözlər belə toplanaraq lüğətlərə salınıb. Bizdə isə Sovet dövründə yaradılmış “ədəbi dil” norması çox sərt tətbiq olunur, bir çox zəngin xalq sözləri “dialekt”, “gerilik” damğası ilə kənarda saxlanılır.
Türkiyə artıq yüz ildir söz istehsal edir: bilgi + sayar = bilgisayar.
Bizdə isə son “yaradıcılıq” nümunəsi “sürücü qadın”ın “süranə” adlandırılması olub.
7. Özbək dili
Türk mənşəli sözlərin qorunması baxımından siyahının sonundadır. Stalin dövründə aparılan “milli dövlət quruculuğu” siyasəti çərçivəsində Orta Asiyada vahid Türkistan kimliyini parçalamaq üçün Səmərqənd və Buxara kimi fars (tacik) təsirinin ən güclü olduğu şəhərlərin ləhcəsi süni şəkildə “ədəbi dil” elan edildi.
Halbuki bu şəhərlər çıxılmaqla özbəklər ahəng qanununu qoruyurdular, bizim kimi “gəldim”, “getdim” deyirdilər.
İkinci böyük zərbə 1940-cı ildə kiril əlifbasına keçid oldu. Bu keçid zamanı özbək fonetikasına uyğun olmayan rus hərfləri və tacik tələffüz qaydaları dilə zorla yeridildi.
Ən böyük zərbə isə türk dillərinin onurğa sütununu qırmaq üçün “a” saitinin “o”ya çevrilməsi oldu. Bu səbəbdən bu gün özbəklər adam yerinə odam, ata yerinə ota deyirlər.
P.S.
Sovet dövrünə baxsaq, özbək dilinin sistemli şəkildə dağıdıldığını görürük. Qıpçaq olduqları üçün qazax və qırğızlara bu qədər toxunulmadı. Türkmənlər azsaylı olduqları üçün təsir nisbətən zəif oldu. Azərbaycana isə paradoksal şəkildə qismən “yaxşılıq” edildi – Səməd Vurğunun apardığı dil təmizləməsinə qarışılmadı.
Ən böyük, planlı və nəticəli işi isə, şübhəsiz ki, Atatürk gördü.
Orxan Atabəy
TEREF

