HİNDİSTANDA TÜRK DÖVLƏTÇİLİYİ. BABURLAR
12-02-2026, 12:54

ƏVVƏLKİ yazılarımda Hindistanda DEHLİ, BƏHMƏNİ və DEQQAN sultanlıqları haqqında ətraflı bilgi vermişdim. Bu paylaşımda isə Hindistanda sonuncu türk xanədanlığı olan BABURLAR haqqında danışacam.
BABURLAR Hindistana hərbi səfərlərə başlayanda ŞİMALİ HİNDİSTANDA DEHLİ SULTANLIĞI, yarımadanın mərkəzində BEŞ XANƏDAN DÖVLƏT(DEQQAN SULTANLIQLARI), cənubunda isə hindli xanədanların birləşməsin dən yaranan VİCAYANAQAR DÖVLƏTİ hökm sürürdü.
BABURLU dövlətinin (BÖYÜK MOĞOLLAR) qurucusu ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR CIĞATAY TÜRKİ idi. Soyu ata tərəfdən beş nəsil geridə ƏMİR TEYMURA, ana tərəfdən ÇİNGİZ XANA uzanan BABUR ŞAH FƏRQANƏ hakimi ÖMƏR ŞEYX MİRZƏNİN OĞLU idi. Atası vəfat edəndən sonra 1494-cü ildə BABUR ŞAH 11 yaşında taxtda oturdu. O, TEYMURİ dövlətini ŞEYBANİLƏRİN təsirindən qorumaq üçün mübarizə aparsa da, məğlub olmuş, xilas yolu kimi üzünü şərqə çevirmişdir. Şeybanilərə qarşı SƏFƏVİLƏRİN dəstəyini alan BABUR qısa zamanda KABİL və QƏNDƏHARI ələ keçirmişdi. 1526-cı ildə Şimali Hindistana yürüş edən BABUR ŞAH PANİPAT döyüşündə lodilər sülaləsini məğlub edib DEHLİ sultanlığını süquta uğratmış və özünün yeni dövlətini yaratmışdı. Bununla da, Hindistanda yeni bir TÜRK sülaləsinin hakimiyyəti başlamışdır.
MÜASİR tarixşünaslıqda bu dövlət BABURLAR, və yaxud BÖYÜK MOĞOLLAR adlandırılsa da, BABUR ŞAH türkcə yazdığı özünün tərcümeyi halı olan BABURNAMƏDƏ bu dövləti TÜRK dövləti adlandırmışdı. Dövlətin paytaxtı əvvəlcə AQRA, daha sonra isə DEHLİ şəhəri oldu. BABURLARİN Hindistanda hakimiyyəti üç əsr davam etdi. Bu müddət ərzində baburlar DEQQAN sultanlıqlarını da ələ keçirməyə çalışmış, lakin səfəvilərin balanslı siyasətinə qarşı çıxa bilmədikləri üçün uzun müddət Şimali Hindistanla kifayətlənməli olmuşdular. XVII əsrin sonlarında BABURLAR DEQQAN sultanlıqları daxil olmaqla yarımadanın tamamını ələ keçirdilər. Onların Hindistanda hakimiyyəti 1857-ci ildə BRİTANİYA işğalına qədər davam etdi. BABURLAR Hindistanın sonuncu türk xanədanlığı oldu və türklərin burada 600 illik səltənəti sonlanmış oldu.
BABURLAR dövründə Hindistanda CIĞATAY türkcəsi xeyli inkişaf etdi. Mədəni, elmi, memarlıq sahəsində HİNDİSTAN özünün intibah dövrünü yaşadı. Bu dövrdə islami xarakter daşıyan sənət və ədəbiyyat da özünün ən məhsuldar dövrünü yaşayırdı. BABUR ŞAH XƏTTİ-BABUR adlanan yazı sistemi də icad etmişdi ki, özündən sonra sarayda uzun müddət istifadə olundu. Elm adamlarına, din xadimlərinə himayədarlıq edən baburlar Hindistanda çoxlu sayda ədəbi və dini əsərlərin ərsəyə gəlməsinə səbəb oldular. Hindistanda islam dininin əsasən sufilər tərəfindən yayılması və DEHLİ sultanlığından başlayaraq sufilərin mövcud hakimiyyət tərəfindən dəstəklənməsi təsəvvüf cərəyanlarının inkişafına da mühüm töhfə verdi.
TELMAN NÜSRƏT OĞLU. TÜRK DÖVLƏTLƏRİ və MƏDƏNİYYƏTLƏRİ TARİXİ. səh 842 - 885
ELBRUS VAHİDOV
TEREF

