Türkiyə Google-a qarşı yeni araşdırmaya başlayıb
5-02-2026, 09:18

Türkiyənin Antimonopoliya Şurası bazarda rəqabətin məhdudlaşdırılması iddiaları ilə bağlı Google şirkətinə qarşı yeni istintaqa start verib.
32gun.az bildirir ki, bu barədə Hurriyet qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, araşdırma Google-un mobil cihaz istehsalçıları ilə bağladığı müqavilələr və şirkətin bazardakı praktikasını əhatə edir. İstintaq “Mobil ekosistemlər sektoruna baxış” adlı hesabat əsasında aparılır və Google ilə mobil qurğu istehsalçıları arasında bağlanmış razılaşmalar diqqət mərkəzindədir.
Antimonopoliya qurumunun yoxlamaları göstərib ki, Google 2018-ci ildə qəbul edilən qərardan sonra müqavilələrin strukturunu dəyişsə də, maliyyə stimulları hesabına bazarda dominant mövqeyini qoruyub saxlayıb. Belə ki, Google Search-in axtarış sistemi kimi standart olaraq təyin edilməsi məcburi olmasa da, istehsalçılar rəqib şirkətlərin vidcetlərindən istifadə etmirlər.
Qeyd edək ki, ötən ilin yayında Türkiyə hakimiyyəti normativ tələblərə əməl etmədiyinə görə Google şirkətini təxminən 9 milyon ABŞ dolları məbləğində cərimələyib. Bildirilib ki, cərimə IT şirkətinin Türkiyə qanunvericiliyinin tələblərini pozan bəzi texniki konstruksiyaları tətbiq etməsi səbəbindən tətbiq olunub.

