Türkiyə günə böyük əməliyyatla başladı – Çox sayda həbs var
17-02-2026, 10:46
İstanbul və Adana şəhərlərində İŞİD terror təşkilatına qarşı eyni vaxtda əməliyyat həyata keçirilib. Əməliyyat nəticəsində 10 şübhəli saxlanılıb.
Referans Media xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin, İstanbul Respublika Prokurorluğu ilə koordinasiyasında həyata keçirdiyi araşdırmalar zamanı məlum olub ki, müəyyən sosial media hesabları vasitəsilə İŞİD təbliğatı aparılır. İraq və Suriyada həbsdə olan təşkilat üzvləri və onların ailələrinə yardım adı altında fondlar toplanır. Toplanan vəsaitlər həmin üzvlərə və ailələrinə ötürülüb.
Əldə olunan məlumatlara əsasən, sosial media hesabları vasitəsilə təşkilat təbliğatı aparan və fərqli şəxslərin hesabları vasitəsilə pul köçürmələrini təmin edən şübhəlilərin saxlanılması üçün İstanbul və Adana şəhərlərində müəyyən edilmiş ünvanlara eyni vaxtda əməliyyat təşkil edilib.
Əməliyyat nəticəsində 10 şübhəli saxlanılıb. Onlarla bağlı istintaq və araşdırmalar davam etdirilir.