GÜRCÜ TARİXŞÜNASLIĞINDA "DİDİ TÜRKOBA" NƏYƏ DEYİLİR?
Bu gün, 12:54

Sultan Məlikşah II Georgiyə qarşı gürcü mənbələrində “güclü adam və sərrast oxçu” adlandırılan əmir Əhmədi göndərdi. Qarsı yenidən türklərə qaytaran əmir Əhməd Kveli yaxınlığındakı döyüşdə II Georginin sayca bir neçə dəfə çox olan ordusunu ağır məğlubiyyətə uğratdı. II Georgi Acarıstana,oradan da Abxaziyaya qaçdı. Ərzurum,Oltu və ona bitişik bölgələri fəth edən əmir Əhməd çoxlu qənimətlə şərqə - Borçalıya doğru çəkildi. O, yolda Bizans üzərinə yürüşə çıxan Borçalı türklərinin hərbi qüvvələri ilə rastlaşdı. Bu qüvvələrə İsa Börü ilə Əbu Yaqub başçılıq edirdilər. Əmir Əhməd onlara Bizans üzərinə yürüş etməkdənsə Abxaziyaya hücum etməyi məsləhət gördü. II Georginin məğlub edildiyini və əmir Əhmədin çoxlu qənimət ələ keçirdiyini görən Borçalı türkləri əmir Əhmədlə Tiflis ətrafına qayıtdılar. “ Türklər yer üzünü – Asisporini (Ersis), Klarcetini, Şavşetini, Acaranı, Samsxeni (Üç Qala), Kartlini, Samokalakonu (Kutais ətrafını), Çkondidini (Qərbi Gürcüstan) ” tutdular. 1080-ci ildə Gürcü tarixşünaslığında “Böyük Türklük” (Didi Turkoba) adlandırılan dövr başladı.
Kərəm Hətəmoğlu Məmmədli

