Madımak qətliamında həlak olan Karina Kuanna Töys

Bu gün, 00:03           
Madımak qətliamında həlak olan Karina Kuanna Töys
Karina Kuanna Töys 1970-ci ildə Niderlandda doğuldu. Leyden Universitetində oxuyurdu. "Ələvi qadınlarının cəmiyyətdəki rolu və inteqrasiyası" mövzusunda elmi araşdırma üçün 1993-cü ilin yazında Türkiyəyə gəldi. Amma müasir Türkiyə tarixinin ən qaranlıq və utancverici hadisələrindən biri sayılan Madımak qətliamında həlak oldu.
Madımak qətliamı haqqında məqalə yazıram. Ələvilərin böyük ozanlarından sayılan Pir Sultan Abdal şərəfinə Sivasda təşkil olunan IV festivalda məşhur yazıçı və intellektual Aziz Nesinin iştirakı tədbirin əleyhdarı olan kütləni qızışdırmaq üçün bəhanə oldu. Qonaqların qaldığı Madımak hoteli hakimiyyət qüvvələrinin tam bir hərəkətsizliyi müqabilində yandırıldı. 11-i qadın olmaqla 33 nəfər tədbir iştirakçısı və iki hotel işçisi yanaraq və ya tüstüdən boğularaq öldü. Onlardan biri də Karina idi.
Amma niderlandlı qızın gündəliyi yanğından salamat çıxdı. Həyatının son günü olan 1993-cü il iyulun 2-də gündəliyinə aşağıdakıları yazırdı.
“Səhər yeməyindən sonra təkbaşına gəzintiyə çıxdım. Özümə turist görkəmi vermişdim (fotoaparat, səyahət kitabları) və tarixi abidələri seyr etdim (XII və XIII əsr Səlcuq tikililəri)”.
“Sonra oturub müxtəlif insanlarla söhbət etdim. Məmnunluq hissi keçirsəm də, müəyyən narahatlıq içində karikatura rəssamı ilə söhbətə daldım. O da mənim çox şirin bir portretimi çəkdi”.
Karina iyulun 2-də yazdığı qeydlərə Madımak hotelində, çöldə nümayişlər davam edərkən başlamışdı.
“Yenə bir sıra hadisələrin şahidi oldum. Hazırda bir hoteldə 'mühasirəyə alınmış' vəziyyətdə oturmuşuq, çünki çöldə radikal dindar müsəlmanlar dolaşır”.
Bu sözlərlə başladığı cümlələrindən sonra “Bununla bağlı sonra yazacağam” deyərək yuxarıda sitat gətirilən Sivas günlərini təsvir etməyə başlamışdı.
Ancaq zaman keçdikcə çöldəki aksiyalar hücuma çevrilirdi.
Karina yenidən ilk cümlələrinə qayıtdı və çöldəki nümayişlərlə bağlı getdikcə artan narahatlığını gündəliyinə köçürdü.
“Amma indi işlər tərsinə getməyə başlayır" sözləri ilə başladığı cümləsini belə davam etdirirdi:
“Artıq xeyli vaxtdır ki, hoteldə oturmuşuq. Çöldə nəhəng bir radikal dinci (ifrat sağçı) qrup qışqırıb hay-küy salır”.
“Deyirlər ki, bu binada solçu mütəfəkkir və yazıçı Aziz Nesini gizlədirlər. Guya o, “Şeytan ayələri”ni nəşr etdirmək istəyirmiş. Bütün bunlar çox xoşagəlməz şeylərdir. Özümü çox çətin və gərgin vəziyyətdə hiss edirəm, çünki bir azdan burada nə baş verəcəyini heç təsəvvür belə edə bilmirəm”.
“Nəhayət öyrəndim ki, bu şəhər türk radikal dindarların toplandığı bir yerdir. Hər tərəfdən şüarlar səslənirdi, qışqırıq səsləri gəlirdi. Bununla yanaşı, çoxlu polis də var idi”.
Bundan sonra Karinanın baş verənləri tam dərk edə bilmədiyini göstərən son cümlələri gəlirdi:
“Amma mən bütün bunlardan nə başa düşüm ki?... Çöldən yüksək səslə qışqırıqlar gəlir, amma nə baş verdiyini anlamıram...”
Bundan qısa müddət sonra hotel yandırıldı.
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru