Azərbaycanlıları FSB-nin “qara siyahısı”na salan “afyor Tofiq”in dosyesi - TƏFƏRRÜAT
19-02-2026, 00:11

Son illər Rusiya ərazisində yaşayan azərbaycanlılara qarşı təzyiqlərin artması artıq tək-tək hadisələr çərçivəsindən çıxaraq sistemli xarakter almağa başlayıb. Söhbət sıravi miqrantlardan deyil – tanınmış diaspor üzvlərindən, rəy liderlərindən, tanınmış iş adamlarından, nüfuzlu şəxslərdən gedir. Deportasiyalar sürətlənib, ittihamlar ağırlaşıb, proses isə Moskva ətrafından regionlara qədər yayılıb. Musavat.com-un apardığı araşdırmalara görə, bu mexanizmin arxasında Rusiya xüsusi xidmət strukturlarının – xüsusilə Federal Təhlükəsizlik Xidmətinin (FSB) müəyyən idarələrinin fəaliyyəti dayanır. İddialara görə, xidmət orqanları özlərinə yaxınlaşdırdıqları azərbaycanlılar vasitəsilə diasporun imkanlı və təsirli fiqurları haqqında dosyelər formalaşdırır, şikayətlər təşkil edir və hüquqi müdaxiləyə zəmin yaradır. İddialara əsasən sxem belə işləyir: “Bizdən olan” agentura şəbəkəsi hədəfə alınmış şəxslər barəsində ən ağır ittihamlarla – korrupsiya, dövlətə xəyanət, casusluq, kriminal əlaqələr kimi maddələrlə Rusiyanın rəsmi qurumlarına şikayətlər, müraciətlər edir. Nəticədə həmin şəxslərin biznesi, yaşayış ünvanları, ofisləri yoxlanılır, axtarışlar aparılır və proses hüquqi çərçivəyə salınaraq cəza tədbirləri legitimləşdirilir. Ardınca isə ya həbs, ya da deportasiya qərarı gəlir.
“Afyor Tofiq” fenomeni
Bu proseslərdə adı ən çox hallanan şəxslərdən biri diaspor dairələrində “Afyor Tofiq” kimi tanınan Tofiq Əliyevdir. Onun adı 2020-ci ildən etibarən Rusiyada fəaliyyət göstərən bir sıra nüfuzlu azərbaycanlıların zərər görməsi prosesində çəkilir. Xüsusilə “Pakrovka Məhərrəm” kimi tanınan Məhərrəm Novruz oğlu Quliyevdən həbsi və sonradan deportasiyası məsələsində Tofiq Əliyevin adı hallandırılmışdı. Həmin dövrdə mediada bu mövzuya dair açıqlamalar da yayılmış məlumatlardan sitat:
“Tofiq İsgəndər oğlu Əliyev 1968-ci ildə anadan olub, əslən Qərbi Azərbaycandandır. Moskvada Federal Təhlükəsizlik Xidmətinin bəzi vəzifəli əməkdaşlarının “krışası” altında bizneslə məşğuldur, Pokrovsk rayonunda mağazaları və kafeləri, o cümlədən, Domodedovo rayonunda restoranı var. Bu adamın əsas fəaliyyəti Moskvada imkanlı azərbaycanlıları FTX-nin əli ilə ilişdirməkdən, onlara tələ qurmaqdan ibarətdir. Tofiq Əliyev əvvəlcə özünün hüquq-mühafizə orqanlarındakı “krışası”nın əli ilə bu azərbaycanlılara problem yaradır, sonra isə guya onlara yaxşılıq edərək, iri məbləğdə pullarını almaqla problemi “həll edir”.
“Həbs olunmazdan bir neçə ay əvvəl Tofiq Əliyev məndən 405 min dollar almışdı ki, miqrasiya qanunlarını pozmaq iddiası ilə barəmdə çıxarılan hökmü ləğv etdirəcək və Rusiyadan deportasiya olunmağıma, bu ölkədə yaşamaq icazəsinin ləğvinə imkan verməyəcək. Əvəzində isə bir neçə ay sonra SOBR (polisin çevik reaksiya dəstəsi) evimə basqın edib məni həbs etdi, ardınca isə Rusiyadan deportasiya olundum. Və Tofiq Əliyev bu günə qədər həmin pulu qaytarmayıb”, - Məhərrəm Quliyev bu sözləri 2021-ci ildə demişdi.
Bildirmişdi ki, Tofiq Əliyev başqa imkanlı azərbaycanlıları da eyni sxemlə soyub, onlardan külli miqdarda pullar alıb. “Bu adamın siyahısında mənim bildiyimə görə, azı 10 imkanlı azərbaycanlı iş adamlarının adları var. Hətta onları mənim aqibətimlə qorxudur, şantaj edir, mesaj verir ki, onun şərtlərini qəbul etməyənləri Məhərrəmin aqibəti gözləyəcək”, - deyə açıqlamışdı.
Elə o dövrdə üzə çıxmışdı ki, Moskvada imkanlı azərbaycanlılara tələ qurmaqla məşğul olan Tofiq Əliyevin özü də “ilişib”. Belə ki, onun növbəti qurbanlarından biri Domodedovo rayonunda ticarət obyektlərinin sahibi olan azərbaycanlı Tariyel Nağıyev olub. Tofiq Əliyev FTX-də işləyən adamlarının əli ilə əvvəlcə onu sıxışdırıb. Sonra 200 min dollara bu işi “həll edə biləcəyini” deyib. Tariyel Nağıyev isə ona qarşı tələnin, əslində, Tofiq Əliyev tərəfindən qurulduğunu dəqiqləşdirərək məsələ barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Nəticədə Tofiq Əliyev Tariyel Nağıyevdən 200 min dolları alarkən həbs olunub. Və məlumata görə, onun FTX-dəki adamlarına qarşı da cinayət işi başlanıb. Rusiya internet resurslarında yer alan məlumatlarda Tofiq İsgəndər oğlu Əliyev “Velostok” MMC adlı şirkətin təsisçisi kimi göstərilir. Onun adı 2015-ci ildə bu şirkətin səhmlərinin 25 faizinin satışına dair sövdələşmənin ləğv edilməsi üçün boşandığı arvadı Esmira İsa qızı Əliyevanın qaldırdığı mülki iddiada cavabdeh qismində keçib. İddiaya əsasən Tofiq Əliyev səhmləri həyat yoldaşının icazəsi olmadan Ceyhun Vəli oğlu Alıyevə satıb. Bu məhkəmə çəkişməsi nə ilə nəticələndiyi bilinmir.
Ortada olan məqam budur ki, FSB ilə əməkdaşlıq nəticəsində Tofiq Əliyev Rusiyada azərbaycanlılara qarşı “maşa” olaraq istifadə olunub və FTX-dəki dostlarının sayəsində barəsindəki cinayət təqibindən yayındırılıb. Onu Azərbaycana deport etməklə faktiki olaraq xilas ediblər. Bir sual isə açıq qalır:
Azərbaycan diasporunun tanınmış simalarına qarşı aparılan bu kampaniyada adı hallanan şəxsin Bakıda rahat şəkildə dolaşması təsadüfdürmü, yoxsa daha böyük oyunun görünən hissəsidir?
Musavat.com məsələ ilə bağlı əlavə materialların üzərində işləyir. Qarşıdakı günlərdə yeni məlumatları təqdim edəcəyik.
P.S. TEREF-ə danışan məlumatlı mənbənin dediyinə görə bu əslində Moskvada həmyerlilərimiz arasında gedən kompomat savaşıdr.Sabah qarşı tərəf haqqında daha betər xəbərlər oxusanız heçdə təəcüblənməyin!
Bütün maraqlı tərəflərin fikirlərini dərc etməyə hazırıq
TEREF

