"DeepSeek" öz süni intellekt çipini hazırlayır
Bu gün, 12:44

Çinin süni intellekt startapı "DeepSeek" öz süni intellekt çipini hazırlayır.
Valyuta.az xəbər verir ki, şirkət bununla indiyədək süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün istifadə etdiyi "Nvidia" və "Huawei" çiplərindən asılılığını azaltmağı planlaşdırır.
Hazırlanan çip yeni modellərin öyrədilməsi üçün deyil, istifadəçilərin sorğularına cavabların formalaşdırıldığı nəticə mərhələsi üçün nəzərdə tutulub.
Layihə uğurla başa çatacağı təqdirdə, "DeepSeek" yarımkeçirici sənayesinə daxil olacaq. Bu addım şirkətin texnoloji müstəqilliyini artırmaqla yanaşı, Çin bazarında "Huawei" üçün də yeni rəqabət mühiti yarada bilər.
"DeepSeek"in çip layihəsi hələ ilkin mərhələdədir. Şirkət layihələndirmə, istehsal və yaddaş texnologiyaları üzrə tərəfdaşlarla danışıqlar aparır, eyni zamanda xarici əməkdaşlıq imkanlarını araşdırır. Layihənin təxminən bir il əvvəl başladığı bildirilir.
Şirkət son aylarda çip layihələndirilməsi üzrə mühəndislərin işə qəbulunu da genişləndirib. Lakin vakansiyalar ictimai platformalarda paylaşılmadan, məxfi şəkildə həyata keçirilir.
Qeyd edək ki, şirkətin təsisçisi Lyan Venfen 2024-cü ildə Çin mediasına verdiyi müsahibədə çiplərin ixracına tətbiq olunan məhdudiyyətlərin "DeepSeek" üçün ciddi çətinlik yaratdığını bildirmişdi.

