"Ağaca ip bağlamaq, qara parça dolamaq, pirlərdə niyyət tutmaq və ya şüşə sındırmaq İslama ziddir" - Video
28-02-2026, 09:44

Bu günlərdə yolumu Xızıdan salmışdım. Rayonun girəcəyində “Xızı” yazılan tikilinin yanında qəribə bir mənzərə gözümdən qaçmadı. Orada bir ağac vardı ki, üzərinə müxtəli parçalar və salfetlər bağlanmışdı. Görünür, Xızıya gələnlər bu ağacı müqqəddəs hesab etmiş və dilək tutaraq ağaca ip, parça bağlamışdılar.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyətlə ağaclara parça, ip, qara əski bağlayıb dilək tutmaq, pirlərə və ziyarətgahlara arzu üçün getmək, şüşə sındırmaq, müxtəlif növ qapılardan keçmək kimi əməllər İslam baxımından əsassız və batil inanclardır.
“Yadımdadır ki, mən uşaq olanda Qarabağ zonasında və Zəngəzur mahalında, elə bizim kənddə də dağdağan ağacı deyilən ağaca hamı arzu tutub qara ip bağlayırdılar. Guya ip qırılanda və ya ip qırılana qədər arzular yerinə yetəcək. Hətta uşaqların qoluna "Məhərrəmlik"də qara parça bağlayırdılar. Bu adət bəlkə indi də bəzi bölgələrdə var. Deyirdilər ki, onu qoparmaq olmaz, qoparsan arzuların həyata keçməyəcək. Bütün bunlar əsassız xurafatlardır. Dinimizdə bu cür davranışlar “şirk” sayılır, yəni Allahdan başqasına ümid bağlamaq, qeyri-maddi bir vasitəyə təsir gücü vermək deməkdir.
Qurani-Kərimdə Allah buyurur: “De: Mən yalnız Allaha dua edirəm və Ona heç kəsi şərik qoşmuram” (Cin surəsi, 20). Başqa bir ayədə isə bildirilir: “Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kəs onu uzaqlaşdıra bilməz. Əgər sənə bir xeyir diləsə, Onun lütfünü heç kəs geri çevirə bilməz” (Yunis surəsi, 107).”-deyə ilahiyyatçı qeyd edib.
“Ayələr açıq şəkildə göstərir ki, diləklərin həyata keçməsi, qorxuların aradan qalxması, arzuların gerçəkləşməsi yalnız Allahın iradəsinə bağlıdır, ağac, daş, dəmir, parça, "butulka" və ya pir adlandırılan yerlərin bunda heç bir rolu yoxdur.
Peyğəmbərimiz Məhəmməd (s) belə buyurub: “Kim bir ağaca, bir daşa, bir şeyə təbərrük məqsədilə bağlanarsa, o, Allaha şərik qoşmuş olur” (Əhməd ibn Hənbəl, Müsnəd).
Digər bir hədisdə isə buyurur: “Dua ibadətin özüdür” (Tirmizi, Dəavat, 1). Yəni insan yalnız Allaha üz tutmalı, istəyini yalnız Ondan diləməlidir. Arzunu həyata keçirmək üçün parça bağlamaq, qapılardan keçib dəmirə vurmaq, şüşə sındırmaq və s. kimi davranışlar Allahın yerinə başqa bir varlığa təsir gücü vermək deməkdir ki, bu da gizli şirkin bir formasıdır.
Əksər İslam alimləri bu kimi inancları “mövhumat”, “cahiliyyət qalığı” və “şirkə aparan yol” adlandırmışlar. İbn Teymiyyə, İmam Nəvəvi, Qurtubi və başqaları qeyd etmişlər ki, bir yerə müqəddəslik, şəfa və ya arzu həyata keçirmək xüsusiyyəti vermək yalnız vəhy ilə sabit olarsa qəbul edilə bilər. Lakin belə yerlər – Buzovnada “şüşə piri”, “7 qapı piri” və ya oxşar məkanlar – İslamın heç bir qaynağında təsdiq olunmayıb. Bunlar xalq arasında formalaşmış, amma dinlə əlaqəsi olmayan adətlərdir.
İslam dini insanı bu cür xurafat və batil inancdan uzaqlaşdırmaq üçün göndərilib. Allah buyurur: “Haqq gəldi, batil yox oldu. Həqiqətən, batil yox olmağa məhkumdur” (İsra surəsi, 81). Bu kimi adətlər insanların Allaha olan etimadını zəiflədir, sanki Allahın qüdrəti çatmırmış kimi başqa vasitələr axtarılır. Halbuki Quran açıq şəkildə bildirir ki, “hər bir işin aqibəti Allahın əlindədir” (Ali-İmran, 154).
İmam Cəfər Sadiq (ə) buyurub: “Kim bir daşdan, ağacdan, parçadan kömək diləsə, onun qəlbində şirk gizlənmişdir.” İslamda imama yas saxlamaq, qara parça bağlamaq kimi əməllər də dini mənbələrdə yoxdur. İmamların hamısı Allahın dostları və cənnət sakinləridir, onlara yas tutmaq deyil, onların həyatını örnək almaq vacibdir”-deyən Əkrəm Həsənov bildirib ki, bütün bu batil inancların kökü qədim dövrlərdə təbiət qüvvələrinə və müqəddəs sayılan obyektlərə inamdan yaranıb.
“İnsanlar çətinlik anında bir dayağa ehtiyac duyub, amma Allahı tanımadıqları üçün bu ehtiyacı ağacda, daşda, pir adlandırdıqları yerlərdə axtarıblar. İslam isə bu yanlış inancı kökündən dəyişib, insanı yalnız bir Allaha, Yaradanına bağlamağı öyrədib.
Ona görə də ağaca parça bağlamaq, qara əski dolamaq, pirlərdə niyyət tutmaq, şüşə sındırmaq və oxşar əməllər nə Quranda, nə sünnədə, nə də səhabələrin həyatında mövcud olmayıb. Bu, İslamı düzgün anlamamağın, iman zəifliyinin və mövhumata meyilin nəticəsidir.
Hər bir müsəlman bilməlidir ki, dua, niyyət, arzu yalnız Allahın hüzurunda dəyər qazanır. İstəyini bildirmək üçün ağaca deyil, səcdəyə yönəlmək lazımdır. Peyğəmbər (s) buyurub: “Kim bir işi Allaha təvəkkül edərsə, Allah ona kifayət edər” (Talaq surəsi, 3). Həqiqi iman da elə budur – vasitəsiz, səmimi və yalnız Allaha bağlı olmaq”-deyə ilahiyyatçı Əkrəm Həsənov qeyd edib.

