Bu binalardan mənzil alanlar uduzacaq — AÇIQLAMA

3-03-2026, 16:34           
Bu binalardan mənzil alanlar uduzacaq — AÇIQLAMA
Bakı və digər iri şəhərlərdə yeni tikilən yaşayış binalarında parkinq problemi getdikcə daha qabarıq hiss olunur. Mənzil sayı artsa da, avtomobillər üçün nəzərdə tutulan yerlər eyni templə çoxalmır. Nəticədə həyətlər və ətraf küçələr nizamsız parklanma məkanına çevrilir. Bu isə həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də sakinlər arasında narazılıq yaradır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, hər hansı bir binadan mənzil alarkən ilk növbədə həmin binanın hansı şirkət tərəfindən inşa olunduğuna diqqət yetirmək lazımdır:

"İkincisi, binanın layihəsi ilə tanış olmaq vacibdir ki, tikinti şirkətinin abadlıq işləri, yaşıllıq zonası və istirahət sahələri üçün yer ayırıb ayırmadığı aydın olsun. Bu, olduqca ciddi məsələdir. Çünki bir çox hallarda vətəndaş mənzili alıb ödəniş etdikdən sonra ərazidə ilkin layihədən fərqli tikinti aparıldığını görür. Nəticədə sahibkar daha çox mənfəət əldə etmək üçün əlavə tikinti işləri aparır və ərazidə sıxlıq yaranır. Buna görə layihə sənədləri ilə mütləq tanış olmaq lazımdır. Eyni zamanda tikinti materiallarının keyfiyyəti və binaya göstəriləcək kommunal xidmətlər barədə də məlumat əldə etmək mümkündür. Mənzillə bağlı qərar qəbul edərkən mütləq hüquqi qiymətləndirmə aparılmalıdır. Əgər bu xidmətləri birləşdirən rieltor şirkəti varsa, müqavilə əsasında əməkdaşlıq etmək daha məqsədəuyğundur. Sabah hər hansı problem yaranarsa, məhkəməyə müraciət etmək imkanları qorunmuş olar. Vətəndaş tələsik qərar verdikdə və bu sahədə təcrübəsi olmadıqda yanılma ehtimalı artır".

Ekspert bildirib ki, parkinq məsələsi xüsusi əhəmiyyət daşıyır:

"Binanın yerləşdiyi ərazinin sıxlığı, yaxınlıqda klinika və ya iri restoran kimi obyektlərin olması gələcəkdə parklanma problemi yarada bilər. Belə hallarda sakin öz mənzilinə daxil olarkən ciddi çətinliklərlə üzləşə bilər. İnfrastrukturun inkişafı vacibdir, lakin bu inkişaf ərazidə əlavə sıxlıq yaratmamalıdır. Binanın yaxınlığında və ya özündə sosial və məişət obyektlərinin olması üstünlük sayılsa da, parkinq imkanları da paralel şəkildə nəzərə alınmalıdır. Mənzilin rahatlığı həmin binada yaşayan şəxsin gündəlik ehtiyaclarını maneəsiz şəkildə qarşılaması deməkdir.

Binanın öz parkinqinin geniş olması, yeraltı dayanacağın mövcudluğu və ətrafda avtomobil saxlamaq imkanlarının olması sakinlər üçün əlavə komfort yaradır. Maddi imkan daxilində mənzillə birlikdə parkinq yerinin də alınması gələcək problemlərin qarşısını ala bilər".

Ekspert deyib ki, bit çox hallarda binalar tikilərkən parkinq məsələsi formal şəkildə nəzərə alınır:

"Tikintiyə icazə verən qurumlar tərəfindən bu sahədə daha dəqiq standartlar müəyyən edilməlidir. Layihədə nəzərdə tutulan parkinq yerləri mənzillərin sayına uyğun olmalıdır. Əks halda, belə layihələrə icazə verilməməli və tikinti işləri normativ tələblərə uyğun şəkildə aparılmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru