Dünya bazarında ən çox bahalaşan məhsullar - CƏDVƏL
13-08-2026, 15:34

2026-cı ilin birinci yarısında dünya bazarında ərzaq qiymətləri ümumilikdə yüksəlib.
Valyuta.az xəbər verir ki, ən yüksək artım bitki yağlarında qeydə alınıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı kənd təsərrüfatı qiymət indeksi ilin ilk 6 ayında 2,5% yüksəlib. Hesabat dövründə enerji qiymətlərinin artması ərzaq məhsullarının emal və nəqliyyat xərclərini yüksəldərək ümumi qiymətlərə də təsir göstərib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, birinci yarımildə taxıl qiymətləri 2,8% artıb. Asiyada “İndika” düyüsünə tələbin güclənməsi, hava şəraiti ilə bağlı narahatlıqlar, eləcə də istehsal, nəqliyyat və marketinq xərclərinin yüksək olması müxtəlif düyü növlərinin bahalaşmasına səbəb olub.
Ən yüksək artım isə bitki yağlarında qeydə alınıb. Bu məhsullar üzrə qiymət indeksi 16,2% yüksəlib. Bahalaşma əsasən palma yağının qiymət artımı ilə əlaqələndirilib. Günəbaxan yağının dünya bazarındakı qiymətləri isə ümumilikdə sabit qalıb.
Ət qiymətləri ilin ilk 6 ayında 5% artıb. Buna əsasən quş əti və xırdabuynuzlu heyvan ətinin bahalaşması təsir edib. Qiymət artımının qlobal tələbin yüksəlməsi və ixrac imkanlarının məhdudluğu ilə bağlı olduğu bildirilir.
Süd məhsullarında isə əks dinamika müşahidə olunub. İyun ayında süd məhsulları qiymət indeksi 2025-ci ilin sonu ilə müqayisədə 8,4% azalıb. Xüsusilə Avropa İttifaqı və ABŞ-də süd tədarükünün yaxşılaşması, kərə yağı və pendir istehsalının artması bu məhsulların ucuzlaşmasına təsir edib.
Şəkər qiymətləri də birinci yarımildə 1,1% azalıb. Braziliyada şəkər qamışının daha böyük hissəsinin şəkər istehsalına yönəldilməsi və ixracın artması beynəlxalq qiymətlərə azaldıcı təsir göstərib.
Ümumilikdə, FAO-nun ərzaq qiymətləri indeksi iyunda 2025-ci ilin sonu ilə müqayisədə 4,7% yüksək olub.
Məhsul/indeks Qiymət dəyişikliyi
Bitki yağları +16,2%
Ət +5,0%
Taxıl +2,8%
BVF kənd təsərrüfatı qiymət indeksi +2,5%
Şəkər -1,1%
Süd məhsulları -8,4%
FAO ərzaq qiymətləri indeksi +4,7%
12.08.2026

