Eskalasiya riski bazara təsir edir: Buğda qiymətləri 3 ilin maksimum səviyyəsində
Bu gün, 15:44

Buğdanın qiyməti Rusiyanın Ukraynaya qarşı müharibəsinin daha da kəskinləşə və dünyanın ən mühüm “taxıl səbətlərindən” birindən tədarükü daha ciddi şəkildə poza biləcəyi ilə bağlı narahatlıqlar fonunda üç ilin maksimumuna yüksəlib.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, Çikaqoda buğda fyuçersləri 2,6 faiz bahalaşaraq 2023-cü ilin iyulundan bəri ən yüksək həddə çatıb. Bu, əvvəlki ticarət sessiyasında qeydə alınan 6,4 faizlik artımdan sonra baş verib. Avqust ayında Qara dəniz regionunda tədarükün pozulması fonunda buğdanın qiyməti 19 faiz yüksəlib. Qarğıdalının qiyməti isə avqustun 26-da 2,5 faiz artdıqdan sonra bir qədər ucuzlaşıb.
Rusiya ilə Ukrayna arasındakı müharibə nəticəsində limanlar və taxıl terminalları zərər görüb. Bu, dünyanın aparıcı ixrac regionlarından birindən tədarük həcmlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. “Bloomberg”in Kremlə yaxın mənbələrinə görə, Rusiya sülh sazişi ilə bağlı danışıqların dalana dirəndiyi qənaətinə gəldikdən sonra Ukraynaya, o cümlədən infrastruktur obyektlərinə hücumları gücləndirməyə hazırlaşır.
Buğdanın bahalaşması əvvəllər yüksək təklif həcmlərinin qiymətləri aşağı səviyyədə saxladığı dünya taxıl bazarında kəskin dəyişiklikdən xəbər verir. Rusiya və Ukraynanın payına qlobal buğda ixracının dörddə birindən çoxu, həmçinin əhəmiyyətli həcmdə arpa, qarğıdalı və günəbaxan yağı ixracı düşür. Bu isə Yaxın Şərqdəki müharibə səbəbindən enerji və nəqliyyat xərclərinin artması ilə onsuz da çətinliklərlə üzləşən istehlakçılar üçün ərzaq inflyasiyasının yeni dalğası riskini artırır.
“Advantage Grain” şirkətinin baş meneceri Kris Nikolaunun sözlərinə görə, eskalasiya baş verəcəyi təqdirdə bazar logistika məhdudiyyətlərindən ciddi narahatdır.
“Qara dənizdə vəziyyət sabitləşməsə və dəniz daşımalarına təhlükəsizliyə təhdid olmadan çıxış yaxşılaşdırılmasa, qiymət artımı davam edəcək”, – Nikolaou bildirib.
Ukraynanın Aqrar Siyasət Nazirliyinin məlumatına görə, ölkənin bu mövsüm kənd təsərrüfatı ixracının həcmi əvvəlki proqnozlarla müqayisədə yarıdan çox azala bilər. Eyni zamanda, avqust ayında Rusiyadan buğda tədarükünün ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən çox azalacağı gözlənilir.
Müharibənin nəticələri fyuçers bazarından daha geniş əraziləri əhatə edir. Rusiya və Ukrayna Yaxın Şərq, Afrika və Asiya üçün əsas taxıl tədarükçüləridir. Bu regionlarda bir çox istehlakçı ilin bu dövründə ənənəvi olaraq daha ucuz Qara dəniz taxılına güvənir. İndi idxalçılar Avstraliya və Argentina da daxil olmaqla daha uzaq regionlardan daha bahalı alternativlər axtarmağa məcbur olurlar. Bu isə xərcləri artıraraq qiymətləri daha da yüksəldəcək.
“Rusiya və Ukrayna adətən aşağı maya dəyəri ilə tədarük həyata keçirən ölkələrdir. Lakin onların tədarükünün əhəmiyyətli hissəsi artıq əlçatan olmadığından istehlakçılar daha çətin vəziyyətlə üzləşiblər”, – Nikolaou qeyd edib.
Avqustun 19-da Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropadan kənarda da təhlükəli yan təsirlərlə müşayiət olunan yeni eskalasiya mərhələsinə daxil olduğu bildirilmişdi. Əsas risklərdən biri Rusiya və Ukraynanın bir-birinin kənd təsərrüfatı ixracına qarşı yeni hücumlar həyata keçirməsi nəticəsində qlobal taxıl tədarükündə böhranın yaranmasıdır.
Bundan əvvəl Ukrayna dronlarının Rusiyanın taxıl ixracını demək olar ki, tamamilə iflic etdiyi barədə məlumat yayılmışdı. Bir həftə ərzində Ukraynanın zərbələri nəticəsində Qara dənizdə yerləşən Novorossiysk limanının hər üç taxıl terminalının fəaliyyəti dayandırılıb. Moskva həmin terminallar vasitəsilə ildə ümumilikdə təxminən 25 milyon ton taxıl ixrac edirdi.
Paşa Məmmədli

