Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
6-05-2026, 00:05

Azərbaycan və İtaliya münasibətləri enerji əməkdaşlığı fonunda xüsusi strateji xarakter daşıyır. Bu gün Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci yerdədir. Bu göstəricilər iki ölkə arasında qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin bariz nümunəsidir. Əməkdaşlığın uğurlu inkişafı, təkcə iqtisadi maraqlara deyil, həm də səmimi münasibətlərə və güclü siyasi dialoqa əsaslanır. Bu da göstərir ki, Azərbaycan–İtaliya əlaqələri qarşılıqlı inam üzərində qurulmuş etibarlı tərəfdaşlığın modelidir.
Azərbaycan–İtaliya əlaqələri ən üst səviyyədədir və Avropa İttifaqı ölkələri içərisində İtaliya Azərbaycanla ən yaxın və bir nömrəli siyasi, iqtisadi və ticarət əlaqələrinə malik ölkə kimi qiymətləndirilir. Azərbaycan və İtaliya arasında iki strateji müttəfiqlik haqqında sənəd mövcuddur. Birinci strateji tərəfdaşlıq haqqında sənəd 2015-ci ildə imzalanıb. 2020-ci ildə isə çoxtərəfli iqtisadi və strateji müttəfiqlik haqqında bəyannamə qəbul olunub. Bu sənədlər fonunda münasibətlərin müxtəlif sahələr üzrə inkişafı və artan dinamika diqqət mərkəzindədir.
Azərbaycan ümumilikdə Avropanın 16 ölkəsinə enerji daşıyıcıları ixrac edir və bu siyahıda birinci yeri İtaliya tutur. Ölkəmizdən İtaliyaya həm neft, həm də qaz ixrac edilir. TAP və TANAP üzərindən həyata keçirilən ixrac, münasibətlərimizin inkişafına, iqtisadi əlaqələrin səmərəli şəkildə artmasına böyük töhfə verir. Hazırda İtaliyanın Azərbaycanda 100-dən artıq şirkəti fəaliyyət göstərir. Onlar tikinti, sənaye, kənd təsərrüfatı, enerji və digər sahələrdə çalışır, ölkəmizin iqtisadiyyatına sərmayələr yatırırlar. Bu əməkdaşlıq təhsil və mədəniyyət müstəvisində də özünü göstərir.
Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatında bu səfərin Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacağına əminliyini bildirib. Qeyd edilib ki, Azərbaycan və İtaliya strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda ölkəmizdə İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Bu gün İtaliyaya nəql edilən həm qaz, həm də neft məhsulları münasibətlərin inkişafına müsbət təsir göstərir və strateji əməkdaşlığın perspektivlərini daha da gücləndirir.
Türkan Cümşüdova – YAP üzvü

