Papa Lev XIV üçgünlük apostol səfəri ilə Livana gəlib

1-12-2025, 10:34           
Papa Lev XIV üçgünlük apostol səfəri ilə Livana gəlib
Roma Papası Lev XIV üçgünlük apostol səfəri çərçivəsində Livana səfər edib.

Moderator.az xəbər verir ki, pontifik Beyrut beynəlxalq hava limanında top atəşləri ilə qarşılanıb.

Papaya Livan prezidenti Cozef Aun, parlamentin sədri Nabih Berri, baş nazir Navaf Salam, eləcə də xristian və müsəlman dini icmalarının nümayəndələri salam veriblər.

Pontifikin ölkəyə gəlişi münasibətilə Beyrutda və Livanın digər şəhərlərində kilsə zəngləri səsləndirilib, dəniz limanlarında lövbər salmış gəmilər isə uzun siqnallar veriblər.

Lev XIV-in apostol səfəri “Xoş olsun sülh yaradanlar” devizi altında keçirilir və üç gün davam edəcək. Noyabrın 30-da rəsmi qarşılanma mərasimindən sonra Papa Baabda sarayına yollanacaq, burada dövlət rəhbərləri ilə görüşlər keçirəcək və onun şərəfinə rəsmi qəbul təşkil olunacaq.

Səfərin ikinci günü dekabrın 1-də Papa Anaya şəhərində yerləşən, XIX əsrdə yaşamış müqəddəs rahib-asket Şarbelin məzarının olduğu ibadətgahı ziyarət edəcək. O, 1977-ci ildə dualar vasitəsilə baş verən möcüzəvi şəfalar səbəbi ilə katolik kilsəsi tərəfindən müqəddəs elan edilib.

Dekabrın 1-i axşam saatlarında Beyrutun mərkəzində, Məhəmməd Əl-Əmin məscidinin yaxınlığında xüsusi qurulmuş şüşə pavilyonda pontifikin Livanın müsəlman icmalarının liderləri ilə ekumenik görüşü keçiriləcək. Gözlənilir ki, Papa bu görüşdə dinlərarası dialoq, tolerantlıq və zorakılıqdan imtina çağırışı ilə çıxış edəcək.

Səfərin yekun günü əsas hadisə paytaxtın sahilyanı ərazisində açıq havada keçiriləcək kütləvi ayin olacaq. Ayin zamanı Lev XIV 2020-ci il avqustun 4-də Beyrut limanında baş vermiş dəhşətli partlayış zamanı həlak olanların xatirəsinə dua edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]