“Enerji atəşkəsi”ndən sonra Ukraynaya KÜTLƏVİ HÜCUM - Kiyev və Xarkov istiliksiz qaldı
Bu gün, 09:40

Fevralın 3-nə keçən gecə Rusiya Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla Dnepr, Xarkov, Odessa və digər şəhərlərə qarşı kütləvi pilotsuz uçuş aparatları və raketlərlə hücum həyata keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri, eləcə də Kiyev və Xarkov şəhər hakimiyyətləri məlumat yayıb.
Hücumlar zamanı Kiyevdə havanın temperaturu -20 dərəcə Selsi, Xarkovda isə -22 dərəcəyədək enib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkə hesabında bildirib ki, Rusiya sərt şaxtalı hava şəraitində paytaxta növbəti kütləvi hücum həyata keçirmək qərarına gəlib. Kiyev meri Vitali Kliçko isə Darnitski rayonunda qeyri-yaşayış binasına ziyan dəydiyini, Dnepr rayonunda isə uşaq bağçasında yanğın baş verdiyini açıqlayıb.
Tkaçenkonun sözlərinə görə, Darnitski rayonunda bir nəfər xəsarət alıb və ona hadisə yerində tibbi yardım göstərilib. Həmin rayonda 25 mərtəbəli və beşmərtəbəli binalar, Dnepr rayonunda isə beşmərtəbəli yaşayış binası zədələnib.
İlkin məlumatlara əsasən, Peçerski rayonunda yanacaqdoldurma məntəqəsinin binası və park edilmiş avtomobillər, Şevçenkivski rayonunda isə 22 mərtəbəli yaşayış binası zərər görüb.
Paytaxta ilk ballistik raket zərbələrindən sonra Kiyevin bir çox ərazisində istilik və elektrik enerjisinin verilişində fasilələr yaranıb. Şəhər sakinləri bildiriblər ki, enerji şəbəkəsinə edilən kütləvi zərbələrdən sonra istilik qismən bərpa olunsa da, daha sonra yenidən kəsintilər qeydə alınıb.
Xarkov meri İqor Terexov Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra şəhərdə ən böyük istilik elektrik stansiyalarından biri ilə təmin olunan 820 yaşayış binasında istiliyin dayandırıldığını bildirib.
Terexov “Telegram” kanalında yazıb ki, Xarkovun atəşə tutulması üç saatdan çox davam edib:
“Zərbələr birbaşa enerji infrastrukturuna yönəlib. Məqsəd aydındır – maksimum ziyan vurmaq və sərt şaxta şəraitində şəhəri istiliksiz qoymaq”.
Mer həmçinin elektrik nəqliyyatında fasilələrin mümkünlüyü barədə xəbərdarlıq edib.
Məlumata görə, əvvəlcə Rusiya ordusu Ukraynaya yüzlərlə “Şahed” tipli dron buraxıb. Yerli vaxtla saat 01:00-dan sonra Kiyev, Dnepr və Xarkov ballistik raketlərlə vurulub. Monitorinq kanalları şimal istiqamətindən Tu-22M3 bombardmançı təyyarələrindən X-22 və X-32 qanadlı raketlərinin də tətbiq edildiyini bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri yerli vaxtla saat 03:30 radələrində Rusiyanın “Şahed” dronlarının Kiyev və ətraf ərazilərə, o cümlədən Ukrainka, Obuxiv və Tripillia ərazilərində yerləşən mühüm enerji obyektlərinə hücum etdiyini açıqlayıb.
Səhər saatlarından etibarən dron və raket hücumları davam edib. Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı qüvvədə qalır.
Qeyd edək ki, ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında fevralın 1-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Moskva enerji infrastrukturuna hücumları müvəqqəti dayandırmaq barədə razılıq verib. ABŞ prezidenti Donald Tramp “enerji atəşkəsi” tələb edib, Kremlin sözçüsü Dmitri Peskov isə fevralın 1-dək bu razılaşmanı təsdiqləyib.
Ukrayna prezidenti Volodimir Zelenski “enerji atəşkəsi”nin yanvarın 31-nə keçən gecə başladığını bildirib. Lakin buna baxmayaraq, Rusiya dron hücumlarını davam etdirib.
Musavat.com

