Argentinada kuryoz hadisə: Verilişə ufoloq yerinə uroloq çağırıldı - VİDEO

Bu gün, 16:48           
Argentinada kuryoz hadisə: Verilişə ufoloq yerinə uroloq çağırıldı - VİDEO
Argentinanın "Vorterix" radiostansiyasının canlı efirində həm maraqlı, həm də gülməli hadisə baş verib.

Bu barədə "Cooperativa" radiosu məlumat yayıb.

Bildirilir ki, yadplanetlilərin mövcudluğu mövzusunda müzakirə aparmaq üçün verilişə səhvən ufoloq əvəzinə uroloq dəvət olunub.

"Y que" proqramının aparıcıları ABŞ-də uçan naməlum obyektlərlə (UNO) bağlı məxfiliyi ləğv edilmiş sənədləri mütəxəssislə müzakirə etmək istəyiblər. Onlar bu məqsədlə efirə tanınmış UNO tədqiqatçısı Mariano Koeni çağırdıqlarını güman ediblər. Lakin qonaqla əlaqə qurulduqdan və ondan bu sahə üzrə harada təhsil aldığı soruşulduqdan sonra, kişi əslində uroloq işlədiyini açıqlayıb. Anlaşılmazlığı dərhal fərq edən həkim: "Mən ufoloq yox, uroloqam", - deyə cavab verib.

Proqramın aparıcıları vəziyyətdən çıxış yolu taparaq, yerdənkənar sivilizasiyaların varlığı barədə həkimin də fikrini öyrənməyə qərar veriblər. Mütəxəssis yerdənkənar həyatın mövcudluğunu ehtimal etsə də, bu barədə dəqiq məlumata malik olmadığını qeyd edib.

Xatırladaq ki, mayın 8-də Pentaqon müxtəlif dövlətlərin və Ayın üzərində qeydə alınmış uçan naməlum obyektləri əks etdirən 160-dan çox sənədin məxfiliyini ləğv edib. ABŞ Müdafiə Nazirliyi məxfiliyi açılan yeni materialları hər bir neçə həftədən bir ictimaiyyətə təqdim etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru