Litvada sığınacaqların 24 saat işləməsi tapşırıldı

Bu gün, 15:34           
Litvada sığınacaqların 24 saat işləməsi tapşırıldı
Litvada Milli Təhlükəsizlik Komissiyasının iclasından sonra qəbul edilən qərara əsasən, ölkədəki bütün bələdiyyələr sığınacaqların sutkalıq (24 saatlıq) rejimdə fəaliyyət göstərməsini təmin etməyə borclu olacaqlar.

Bu barədə Litvanın milli yayımçısı LRT məlumat yayıb.

Milli Təhlükəsizlik Komissiyasının təcili iclası mayın 20-də ölkə ərazisində dronlarla bağlı insidentlərin artması fonunda keçirilib. Səhər saatlarında Litvanın bəzi bölgələrində, xüsusən də sərhədyanı ərazilərdə naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edildikdən sonra dərhal hava həyəcanı elan olunub.

İclasda qeyd olunub ki, son hadisə zamanı xəbərdarlıq sistemi tam düzgün işləyib və sakinlər vaxtında məlumatlandırılıb. Bu, mayın 17-də Utena bölgəsində partlayıcı maddə daşıyan dronun aşkar edildiyi və xəbərdarlığın gecikdiyi insidentdən fərqli olaraq müsbət qiymətləndirilib.

Komissiyanın iclasında əhaliyə xəbərdarlıq mexanizminin daha da sürətləndirilməsi tapşırılıb:

"Hətta təhlükə yalan çıxsa belə, insanları daha tez-tez və operativ şəkildə məlumatlandırmaq qərarına gəldik", - deyə rəsmi açıqlamada bildirilib.

Bundan əlavə, Litva rəsmiləri əlavə ediblər ki, yayın sonunadək ölkə ərazisində təhlükələri aşkar edən bütün radarlar vahid mərkəzləşdirilmiş sistemə inteqrasiya olunacaq. Bununla da hava məkanına nəzarət və qurumlararası koordinasiya maksimum səviyyəyə çatdırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru