QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları - ...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir
Bu gün, 12:26

Forumun əsas mesajı praktik əməkdaşlıqdan çox yeni maliyyə kanallarının formalaşdırılması təsiri bağışladı
Bir neçə gün öncə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu ilk baxışdan regional əməkdaşlıq platforması təsiri bağışlayırdı. Tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası və Bakı Şəhərsalma Həftəsi çərçivəsində təqdim olunur, rəsmi bannerlərdə də şəhərsalma forumunun loqoları yer alırdı.
Lakin forumda səslənən çıxışlara diqqətlə baxdıqda ortaya qəribə və düşündürücü mənzərə çıxdı: şəhərsalma adı altında keçirilən tədbirdə şəhərsalma ilə bağlı demək olar ki, heç nə danışılmadı. Kimləri aldatdılar, bu ayrıca sualdır.
Əvəzində tribunalardan “ortaq tarix”, “mədəni inteqrasiya”, “həmrəylik”, “ortaq gələcək” kimi ümumi və siyasi ritorikaya çevrilmiş fikirlər səsləndirildi. Halbuki tədbirin keçirildiyi platforma tamamilə başqa məzmun tələb edirdi. Şəhərsalma Həftəsi çərçivəsində təşkil olunan forumda ən azı urbanizasiya, dayanıqlı şəhərlər, regional inkişaf, ekoloji planlaşdırma, nəqliyyat infrastrukturu, şəhər diplomatiyası və ya TDT ölkələrinin ortaq urban problemləri müzakirə olunmalı idi. Amma çıxışların heç birində bu mövzulara toxunulmadı. Sübut üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəsmi saytında yerləşdirilmiş çıxışların fotolarını təqdim edirik.
Forumun açılışında çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov əsasən türk dünyasının birliyindən, ortaq mədəniyyətindən və inteqrasiyadan danışdı. Onun çıxışındakı ən konkret məqam isə şəhərsalma ilə deyil, birgə qrant müsabiqələri ilə bağlı oldu. O, türk dövlətlərinin tərəfdaş qurumlarını QHT-lər üçün birgə qrant proqramları elan etməyə çağırıb və bunun mexanizmlərini izah etdi.
Azərbaycanın QHT Agentliyi türk dövlətlərinin qurumlarını QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib VİDEO
Bu məqam əslində forumun mahiyyətini də açıq göstərdi. Çünki tədbirdə ortaq strategiya, konkret fəaliyyət planı və ya nəticəyə hesablanmış təşəbbüslərdən daha çox maliyyələşmə imkanları ön plana çıxdı. Başqa sözlə, “həmrəylik” anlayışının mərkəzində ortaq dəyərlərdən çox ortaq qrant mexanizmlərinin dayandığı görüntüsü yarandı. Forumun əsas mesajı praktik əməkdaşlıqdan çox yeni maliyyə kanallarının formalaşdırılması təsiri bağışladı.
Digər çıxışlar da təxminən eyni məzmun xəttini davam etdirdi. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar “milli yaddaş”, “strateji həmrəylik” kimi mövzulardan danışdı. Qazaxıstan nümayəndəsi Banu Nurqaziyeva mənəvi dəyərlərin və gənclərin tərbiyəsinin vacibliyini vurğuladı. Özbəkistan nümayəndəsi Bobur Bekmurodov isə QHT-lərin xarici qrantlardan asılılığını azaltmağın vacibliyindən söz açdı və türk dünyasının daxili maliyyələşmə sisteminə ehtiyac olduğunu bildirdi.
Bütün bu çıxışlarda diqqət çəkən əsas detal isə bu idi: şəhərsalma mövzusu ümumiyyətlə yoxdur.
Bu ciddi məzmun problemidir. Çünki tədbir bir tərəfdən Ümumdünya Şəhərsalma Forumunun proqramına daxil edilir, digər tərəfdən isə şəhərlərin gələcəyi, urban idarəçilik, sosial məkanlar, memarlıq əməkdaşlığı və regional şəhər siyasəti barədə bir cümlə belə səsləndirilmir. Belə olan halda tədbirin şəhərsalma platformasına hansı əsasla inteqrasiya edildiyi də sual doğurur.
Ən maraqlı məqamlardan biri də forumun iştirak balansıdır. Tədbir “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumu” adlansa da, əsas çıxışların böyük hissəsini Azərbaycan rəsmiləri və yerli nümayəndələr edib. Xarici çıxışçılar arasında əsasən Qazaxıstan və Özbəkistan təmsilçiləri görünür. Digər xarici qonaq isə TürkPA nümayəndəsidir. Qırğızıstan, Türkmənistan, Macarıstan və digər TDT ölkələrinin vətəndaş cəmiyyəti institutlarının forumdakı görünytüsü isə demək olar ki, hiss olunmur.
Əgər məqsəd türk dünyası QHT-lərinin real həmrəyliyidirsə, niyə bütün tərəflərə söz verilmir? Niyə bütün ölkələrin nümayəndələri fəal şəkildə müzakirələrə cəlb olunmur? Niyə ortaq problemlər və konkret əməkdaşlıq istiqamətləri ortaya qoyulmur?
Digər diqqətçəkən məsələ isə forumların sürətlə və nəticəsiz şəkildə təkrarlanmasıdır. İlk həmrəylik forumunun üzərindən cəmi bir neçə ay keçməsinə baxmayaraq artıq ikinci forum keçirilir. Bununla yanaşı, qeyri-rəsmi şəkildə növbəti həmrəylik forumunun da təxminən 6 ay sonra keçirilməsinin planlaşdırıldığı bildirilir. Lakin maraqlı məqam odur ki, forum zamanı bununla bağlı hər hansı rəsmi qərar qəbul olunmayıb, konkret yol xəritəsi açıqlanmayıb və iştirakçılar qarşısında hesabat xarakterli müzakirə aparılmayıb. Yəni yeni forumun keçirilməsi barədə mesajlar verilsə də, bunun hansı nəticələrə əsaslandığı və nə üçün zəruri hesab olunduğu aydın deyil.
"Yenixeberorg" olaraq onu da xatırladaq ki, əvvəlki forumun yekun sənədi, fəaliyyət hesabatı, icra mexanizmi və ya əldə olunan nəticələri barədə ictimaiyyətə ciddi məlumat təqdim olunmayıb. Normal beynəlxalq praktikada forumlar nəticə yaratmaq üçün keçirilir. Əvvəlcə qərarlar qəbul olunur, sonra onların icrası qiymətləndirilir və yalnız bundan sonra yeni mərhələyə keçilir. Burada isə daha çox “tədbir xatirinə tədbir” modeli müşahidə olunur. Forumlar təşkil edilir, yüksək ritorika səsləndirilir, amma ortada nə konkret layihə görünür, nə də ölçülə bilən nəticə.
Bu yanaşma istər-istəməz dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəliliyi məsələsini də gündəmə gətirir. Çünki belə beynəlxalq forumların təşkili böyük maliyyə, inzibati resurs və təşkilati imkan tələb edir. Konfrans zalları, nümayəndə heyətlərinin qəbulu, yerləşdirmə, logistika, hədiyyələr, media təminatı və digər xərclər nəticə etibarilə dövlət büdcəsi hesabına qarşılanır. Əgər bu qədər resurs sərf olunan tədbirlər konkret proqramlar, regional layihələr və ya praktik əməkdaşlıq mexanizmləri yaratmırsa, o zaman vətəndaş cəmiyyətinin bu xərclərin effektivliyi barədə sual verməsi tamamilə məntiqlidir.
Daha ciddi problem isə ondan ibarətdir ki, tədbirlərdə əsas diqqət nəticəyə yox, görüntüyə yönəlmiş təsir bağışlayır. Forumlar ard-arda keçirilir, yüksək səviyyəli ritorika təkrarlanır, “strateji əməkdaşlıq”, “birlik”, “ortaq gələcək” kimi şüarlar səsləndirilir, amma yekunda ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri.(Yenixeberorg.com)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.








