18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış...

Bu gün, 09:18           
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış...
Hərbi xidmətlə bağlı məsələlər son dövrlərdə sosial şəbəkələrdə müxtəlif səviyyələrdə geniş müzakirə olunur. Bu müzakirələr, əslində, Azərbaycan Ordusunda gedən inkişaf və peşəkarlaşma prosesi ilə birbaşa bağlıdır.
Məlumdur ki, Azərbaycan Ordusu peşəkar ordu prinsipləri əsasında inkişaf edir, daha da peşəkarlaşır, müqavilə əsasında xidmət edən hərbi heyətin sayı artır və ordu əsasən müddətdən artıq xidmət edən peşəkar kadrlarla komplektləşdirilir.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hərbi xidmətlə bağlı məsələlər bilavasitə müdafiə və təhlükəsizlik siyasəti ilə bağlıdır və bunu yalnız xidmət müddəti ilə məhdudlaşdırmaq doğru olmaz. Xidmət müddəti bu sistemin sadəcə bir hissəsidir, əsas elementlərdən biri deyil. Ona görə də Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsi, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi və mümkün risklərin nəzərə alınması daha geniş strateji yanaşma tələb edir.

“Hazırkı geosiyasi vəziyyət də bu məsələnin əhəmiyyətini artırır. Azərbaycan mürəkkəb bir regionda yerləşir. Şimal qonşu müharibə şəraitindədir, İran ətrafında gərginlik mövcuddur, Ermənistanla isə formal olaraq sülh şəraitində yaşansa da, faktiki olaraq region hələ də tam sabit sayılmır. Son dövrlərdə Ermənistanın silahlandırılması ilə bağlı məlumatlar, o cümlədən hərbi yük təyyarələrinin Ermənistana enməsi kimi xəbərlər də diqqətdən kənarda qalmır və bu, təhlükəsizlik baxımından nəzərə alınmalı məqamlardandır” - deyən ekspert bildirib ki, bu kontekstdə hərbi xidmət müddətinin azaldılması və ya uzadılması məsələsi məncə o qədər də əsas deyil.

Daha vacib məsələ çağırış yaşının tənzimlənməsidir. Bu istiqamətdə 18 yaşdan 21 yaşa keçid daha məqsədəuyğun ola bilər. Çünki 18 yaş məktəbi yeni bitirmiş, sosial və psixoloji baxımdan tam formalaşmamış gənc dövrüdür və onların birbaşa hərbi xidmətə cəlb olunması müəyyən çətinliklər yarada bilər.

Ekspertin fikrincə, ali məktəbə qəbul ola bilməyən gənclər bu dövrdə peşə təhsili və ya ixtisaslaşma imkanlarından istifadə edərək müxtəlif sahələrdə formalaşa bilərlər. Ali təhsil almaq istəyən gənclər isə əlavə hazırlıq dövrü qazanmış olurlar və bu da onların gələcək akademik inkişafına müsbət təsir göstərə bilər.

Şair Ramaldanov hesab edir ki, bu yanaşma həm də orduda xidmət keyfiyyətinə təsir edir. Təcrübə göstərir ki, 20–21 yaşdan yuxarı gənclər hərbi xidmət zamanı daha yaxşı psixoloji və fizioloji adaptasiya keçirlər. Onlar komandir tapşırıqlarını daha stabil yerinə yetirir, intizam və məsuliyyət baxımından daha yetkin davranırlar.

“Hərbi xidmət məsələsinə təkcə müddət baxımından deyil, gənclərin təhsil yolu, sosial formalaşması və ordunun peşəkarlıq səviyyəsi kontekstində yanaşmaq daha düzgün olar. Bu yanaşma həm ordunun effektivliyini artırar, həm də gənclərin daha sağlam və planlı şəkildə formalaşmasına imkan yaradar”-deyə ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru