Bakının qlobal şəhərsalma gündəliyində artan rolunun təsdiqi - WUF13
Bu gün, 17:26

Hazırda Azərbaycan bir sıra qlobal problemlərin və təşəbbüslərin müzakirə olunduğu, həll yollarının axtarıldığı əhəmiyyətli beynəlxalq platformaya çevrilib. Bu baxımdan, son dövrlərdə Azərbaycan kimi böyük sıçrayış edən və diqqət çəkən ikinci bir dövlət nümunəsi yoxdur. Mayın 17-də Bakıda işə başlayan Dünya Şəhərsalma Forumu (WUF13) bu reallığı bir daha sübut edir.
Müxtəlif ölkələrdən memarları, urbanistləri, mühəndisləri, dövlət qurumlarını, investorları və ekoloji təşkilatları bir araya gətirən Dünya Şəhərsalma Forumunda şəhərlərin planlaşdırılması, davamlı inkişaf, nəqliyyat infrastrukturu, “ağıllı şəhər” texnologiyaları və ekoloji problemlər müzakirə olunur.
Prezidenti İlham Əliyev Forumun açılış mərasimində geniş çıxış edərək onun əhəmiyyətini vurğulayıb. Eyni zamanda ölkə başçımız mayın 18-də “Euronews” televiziyasına geniş müsahibə verib.
Forumda 182 ölkədən 45 mindən artıq nümayəndənin iştirakı tədbirə qlobal miqyasda böyük marağın göstəricisi olmaqla yanaşı, eyni zamanda şəhərsalma, dayanıqlı inkişaf və yaşayış mühiti məsələlərinin artıq beynəlxalq siyasətin əsas gündəliklərindən birinə çevrildiyini və Azərbaycanın bu müstəvidə əhəmiyyətli aktora çevrildiyini nümayiş etdirir.
“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyevin bildirdiyi kimi: “WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir”.
Qeyd etmək lazımdır ki, WUF13-ün keçirilməsi üçün Azərbaycan paytaxtının məkan kimi seçilməsi heç də təsadüfi deyil. Təkcə son ilyarımda Azərbaycanın artıq ikinci böyük qlobal tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının nəticəsidir. Bundan əvvəl COP29-un uğurla təşkili Azərbaycanın qlobal dialoq platforması kimi mövqeyini xeyli gücləndirmişdi. WUF13 isə bu ənənənin davamı kimi Azərbaycanın artıq enerji və geosiyasi məsələlərlə yanaşı, urbanizasiya, dayanıqlı şəhər inkişafı və insan yönümlü idarəetmə sahəsində də beynəlxalq müzakirələrin fəal iştirakçısına çevrildiyini sübuta yetirdi.
Azərbaycanın şəhərsalma siyasətində diqqət çəkən əsas məqamlardan biri insanların həyat keyfiyyətinin yüksəldilməsinin prioritet kimi müəyyən edilməsidir. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında şəhərsalmanın yalnız tikinti və infrastruktur məsələsi deyil, eyni zamanda insanların rahat, təhlükəsiz və ləyaqətli yaşayışının təminatı demək olduğunu xüsusi vurğulayıb. Məhz bu baxımdan ictimai nəqliyyatın inkişafı, mikromobillik imkanları, ekoloji şəhər mühiti və sosial infrastruktur layihələri vahid inkişaf konsepsiyasının tərkib hissəsi kimi həyata keçirilir.
Bu siyasətin ən mühüm nümunəsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesidir. Qeyd edilib ki, bu gün öləmizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Qarabağ və Şərqi Zəngəzur 30 ilə yaxın Ermənistanın işğalı altında olduğundan orada böyük miqyaslı dağıntılar vardır. Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik”.
İlk növbədə bu ərazilərdə elektrik enerjisi ilə təminat məsələlərinə böyük fikir verilib. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.
İşğaldan azad edilən ərazilərdə dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. Hazırda əsas sərmayələr yaşayış sahələrinin tikintisinə yönəldilib. Burada şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr, hər bir kənd üzrə planlar həyata keçirilir. Ölkə başçısının qeyd etdiyi kimi Azərbaycanın təcrübəsi bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.
Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünyada birinci yerdədir və bu rəqəm artmaqdadır. Ümumilikdə 10-u Avropa İttifaqının üzvü olan 12 Avropa ölkəsi Azərbaycandan qaz alır və ölkəmizlə başlamaq istəyən ölkələrin müraciətlərinin sayı artlq.
Bakıda keçirilən WUF13 ölkəmizin beynəlxalq imicinə yeni siyasi və humanitar məzmun qazandırdı. Əgər COP29 Azərbaycanın qlobal iqlim gündəliyində rolunu ön plana çıxarmışdısa, WUF13 ölkəmizin şəhərsalma, dayanıqlı inkişaf və insan yönümlü urbanizasiya sahəsində regional mərkəzə çevrilmək potensialını nümayiş etdirdi.
Bu kontekstdə, WUF13 yalnız beynəlxalq forum deyil, həm də Azərbaycanın inkişaf modelinin təqdimatı, şəhərsalma siyasətinin beynəlxalq legitimləşməsi və Bakının qlobal urbanistika xəritəsində mövqeyinin güclənməsi kimi qiymətləndirilə bilər. Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı təhlükəsizlik arxitekturası və irəli sürdüyü gündəlik, habelə azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və abadlıq tədbirləri beynəlxalq müasir şəhərsalma siyasətinə ən ciddi töhfələrdən biridir.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

