DİQQƏT! Bakı ilə bağlı mühüm QƏRAR VERİLDİ: Parklar salınacaq, balıq tutmaq mümkün olacaq!

Bu gün, 10:44           
DİQQƏT! Bakı ilə bağlı mühüm QƏRAR VERİLDİ:
Bakının illərdir ekoloji problemlə yadda qalan göllərində böyük dəyişiklik gözlənilir. Uzun müddət tullantılar, neft qalıqları və çirkab suları ilə çirklənən Böyükşor, Zığ və Xocahəsən göllərinin təmizlənməsi üçün yeni layihəyə start verilir. Mütəxəssislər hesab edir ki, bu addım təkcə göllərin deyil, ümumilikdə Bakı və Abşeron yarımadasının ekoloji vəziyyətinə ciddi müsbət təsir göstərəcək.

Böyükşor, Zığ və Xocahəsən göllərinin tullantılardan təmizlənəcəyi açıqlanıb. Bildirilir ki, layihə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, Dünya Bankının bu layihədə iştirak etməsi olduqca müsbət haldır:

“Ekoloq və çevrəçi olaraq bu xəbər məni çox sevindirir. Böyükşor, Zığ və Xocahəsən gölləri yüzillik göllərdir və orada çirklənmə də yüzillərdir davam edir”.

Ekspert qeyd edib ki, xüsusilə Böyükşor gölü uzun illər neft tullantılarının təsiri altında qalıb:

“Böyükşorda neft çıxarılması səbəbindən çirklənmə daha çox olub və zaman keçdikcə göl demək olar ki, tamamilə çirkli gölə çevrilib. Hətta uzun müddət orada canlı həyat demək olar ki, mövcud olmayıb. Fauna və flora məhv olmuş vəziyyətdə idi”.

Ekoloqun sözlərinə görə, təmizləmə işləri ilk növbədə göllərin ekosisteminin bərpasına xidmət edəcək:

“Bu layihə həmin göllərin fauna və florasının yenidən formalaşmasına, ekosistemin bərpasına səbəb olacaq. Bu, çox yaxşı addımdır”.

Qorxmaz İbrahimov bildirib ki, layihənin Bakı və Abşeron yarımadasının havasına da ciddi müsbət təsiri olacaq:

“Xocahəsən gölünə illərdir çirkab suları axıdılır və bu məsələ daim müzakirə olunurdu. Oranın təmizlənməsi, balıq və digər canlılarla təmin olunması vacibdir. Su şirinləşdirilməli və minerallaşdırılmalıdır”.

Ekspert hesab edir ki, göllərin bərpası insanların həm sağlamlığına, həm də sosial həyatına müsbət təsir göstərəcək:

“Gölün ekosistemi insanlara həm maddi, həm də qida baxımından fayda verə bilər. Göldə balıq tutmaq, ətrafında yaradılacaq park və istirahət zonalarında dincəlmək insanlar üçün xüsusi zövq olacaq”.

Onun sözlərinə görə, layihə nəticəsində göllərin ətrafında parklar və yeni istirahət məkanları yaradıla bilər:

“Hazırda həmin ərazilərdən yayılan kəskin və xoşagəlməz qoxular şəhərə ciddi təsir edir. Xüsusilə yay aylarında Böyükşor gölündən gələn qoxu şəhərdə hiss olunurdu. Bu problem aradan qalxdıqca insanların sağlamlığına da müsbət təsir edəcək”.

Qorxmaz İbrahimov əlavə edib ki, layihə nəfəs yolları və insanların psixoloji vəziyyəti baxımından da əhəmiyyətlidir:

“İnsanlar daha təmiz hava ilə nəfəs alacaq. Bu həm əsəb sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərəcək. Mən bu layihəni alqışlayıram və həyata keçirilməsini çox vacib hesab edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru