Qurbanlıq bazarı "od tutub yanır": Qurbanlıq qiymətləri rekord qıracaq - ŞOK PROQNOZ!
Bu gün, 10:44

Qurban bayramına sayılı günlər qaldıqca bazarlarda canlanma hiss olunmağa başlayıb. Artıq diri heyvan və ət bazarında qiymət artımı müşahidə edilir. Xüsusilə qurbanlıq iri və xırdabuynuzlu heyvanlara tələbatın yüksəlməsi qiymətlərin mərhələli şəkildə bahalaşmasına səbəb olur. Ekspertlər bildirirlər ki, bu il ötən illə müqayisədə qurbanlıq heyvanların daha baha satılması gözlənilir.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri yem bazarındakı bahalaşmadır:
“Son dövrlər yem məhsullarının qiymətində artım müşahidə olunur ki, bu da heyvandarlıq təsərrüfatlarının maya dəyərini yüksəldir. Fermer daha baha yem aldığı üçün həmin xərc son nəticədə diri heyvanın satış qiymətinə əlavə olunur”.
İqtisadçı qeyd edib ki, daşınma və logistika xərclərinin artması da bazara ciddi təsir göstərir:
“Yanacaq qiymətləri, nəqliyyat xərcləri və bölgələrdən Bakıya heyvan daşınmasının bahalaşması qiymət artımını sürətləndirən amillərdəndir”.
Akif Nəsirlinin sözlərinə görə, saxlanma və xidmət xərcləri də qiymətlərə təsirsiz ötüşmür:
“Bayram ərəfəsində müvəqqəti satış məntəqələrinin təşkili, baytarlıq nəzarəti, işçi qüvvəsi və bazar xidmətləri əlavə xərc yaradır. Satıcılar bu xərcləri kompensasiya etmək üçün qiymətləri artırmağa çalışırlar”.
Ekspert bildirib ki, bayrama bir neçə gün qalmış tələbatın pik həddə çatması bəzi hallarda süni qiymət artımlarına səbəb olur:
“Ənənəvi olaraq insanlar qurbanlıq alışını son günlərə saxladığı üçün bazarda qısamüddətli ajiotaj yaranır və bu da qiymətlərə əlavə təzyiq edir”.
İqtisadçının fikrincə, bu il idxal faktorunun da bazara müəyyən təsiri olacaq:
“Yerli istehsal tələbi tam qarşılamadıqda bəzi hallarda xaricdən gətirilən diri heyvanların payı artır. Lakin idxal olunan heyvanların maya dəyərinə valyuta məzənnəsi, gömrük və daşınma xərcləri təsir etdiyindən onların bazara ucuz çıxması həmişə mümkün olmur. Buna görə də qiymətlərdə ciddi ucuzlaşma gözlənilmir”.
Akif Nəsirli hesab edir ki, xüsusilə iri çəkili və sağlam qurbanlıq heyvanlara tələbat daha çox olacaq:
“Ötən illə müqayisədə qiymətlərin müəyyən qədər yüksək olacağı ehtimal edilir. Xüsusilə iri çəkili və sağlam qurbanlıq heyvanlara maraq daha çox olduğu üçün həmin seqmentdə artım daha nəzərəçarpan ola bilər”.
Bununla yanaşı, ekspert bazarda müxtəlif qiymət kateqoriyalarının da olacağını vurğulayıb:
“Alıcılıq qabiliyyəti aşağı olan vətəndaşlar üçün daha münasib çəkidə və qiymətdə heyvanlar da təklif ediləcək”.
İqtisadçı bildirib ki, bu il bazarın əsas müəyyənedici faktorlarından biri vətəndaşların alıcılıq qabiliyyəti olacaq:
“Son dövrlər ümumi inflyasiya, gündəlik istehlak xərclərinin artması və ailə büdcəsinə düşən yük insanların xərcləmə davranışına təsir edir. Bu səbəbdən bəzi ailələrin əvvəlki illərlə müqayisədə daha ehtiyatlı davranacağı gözlənilir”.
Onun sözlərinə görə, iri heyvan kəsimi əvəzinə bir neçə nəfərin birləşərək ortaq qurban kəsməsi hallarının artacağı ehtimal olunur.
Akif Nəsirli əlavə edib ki, bütün bunlara baxmayaraq, Qurban bayramına marağın azalacağı gözlənilmir:
“Azərbaycan cəmiyyətində qurban ibadəti həm dini ənənə, həm də sosial paylaşma mədəniyyəti kimi qəbul olunur. İnsanlar imkan daxilində bu ibadəti yerinə yetirməyə çalışırlar. Sadəcə olaraq seçimlərdə dəyişiklik ola bilər. Daha bahalı heyvanlara maraq zəifləyə, orta və aşağı qiymət seqmentinə tələbat arta bilər”.
Ekspertin fikrincə, ümumilikdə bu il qurbanlıq heyvan bazarında əsas tendensiya sabit, lakin mərhələli bahalaşma olacaq.

