İranın Zəngəzur dəhlizinə müqavimət göstərmək şansı getdikcə azalır.
14-08-2025, 12:14

Bəzi tezislər ("Gununsesi" nə açıqlamam əsasında)
- İranın Zəngəzur dəhlizinə müqavimət göstərmək şansı getdikcə azalır.
- Hətta İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin “biz Rusiyasız olsa da bu dəhlizə qarşı çıxacağıq” deməsi İranın regionda müttəfiq tapa bilməməsinin bir barometridir.
Əslində Əli Əkbər Vilayəti demək istəyir ki, Rusiya belə bu dəhlizə qarşı deyil, sadəcə İran Rusiyanı ABŞ-a qarşı müqavimət oxunun tərkib hissəsi kimi nəzərdən keçirir. Rusiya isə bu məsələdə öz strateji maraqlarından çıxış edərək ABŞ-la rəqabət meydanını qurur.
- Əsas sual budur: Yaxın Şərqdə İranın baş vəkili olan Hizbullahın tərki silah edilməsi barədə məsələlərin gündəmə gəlməsi, İranın Yaxın Şərqdə geosiyasi və strateji nüfuzunun azalması və bunun İranın Cənubi Qafqazdakı mövqelərinə mənfi təsir etməsi fonunda Tehran Zəngəzur dəhlizinə hansı formada müqavimət göstərə bilər?
- İran daxilində sərt xətt tərəfdarları ilə praqmatik düşərgə arasında xarici siyasətə dair müəyyən fikir ayrılıqları müşahidə olunur.
Ultramühafizəkarlar Zəngəzur dəhlizinə qarşı öz fikirlərini ideoloji konteksdə geostrateji məqamlarla vurğulayırlar. Liberal düşərgə, bir qədər xarici siyasətdə loyallaşmanın tərəfdarı kimi çıxış edir ki, bundan əvvəl də İran Prezidenti Məsud Pezeşkianın dəhlizlə bağlı verdiyi yumşaq açıqlama həmin məqamı vurğulayır.
Azərbaycanın həm Rusiya ilə, həm Qərblə münasibətləri, həm də Türkiyə ilə strateji müttəfiqliyi fonunda İranın dəhlizə qarşı yüksək səviyyədə müqavimət göstərə biləcəyi şübhə altındadır. Ancaq İranda hələ də ideoloji və strateji baxımdan Tehranın yürütdüyü siyasətin sərt xətt tərəfdarları tərəfindən yüksək səslə bəyan edilməsi, eyni zamanda praqmatik siyasətçilərlə müqayisədə onların daha üstün mövqedə görünməsi, Tehranın bu bəyanatları bir qədər daha sərtləşdirəcəyinə işarə edir.
- İranla ABŞ arasında İranın nüvə proqramına dair danışıqlar baş tutacaq və bu danışıqların nəticələri geosiyasi baxımdan İranın Cənubi Qafqazdakı mövqelərinin formalaşmasına təsir göstərə biləcək elementləri özündə ehtiva edir. Hərçənd ki, İranla ABŞ arasında gələcəkdə mümkün sövdələşmələr, həm Cənubi Qafqaz, həm də Yaxın Şərq mənzərəsində Tehranın üstün mövqelərə çıxmasına imkan yarada bilər. Bu versiyanı da kənara qoymaq olmaz.
Nəticə
Ümumilikdə İran müttəfiqsiz qalan bir ölkədir və belə olduğu təqdirdə, təklənmiş İranın Azərbaycanla münasibətləri inkişaf etdirməkdən başqa çarəsi yoxdur. İranla Rusiya münasibətləri də həqiqi müttəfiqlik əlaqələrinə söykənmir.
Hərçənd ki, iki dövlət arasında hüquqi müqavilə bazası onları müttəfiq kimi göstərir. Faktiki olaraq isə Rusiya İranın maraqlarını bir çox hallarda nəzərə almır və belə olduğu təqdirdə, Rusiya ilə İran Azərbaycana qarşı birgə hərəkət etmək imkanlarını bir qədər itirir.
Lakin istisna olunmur ki, İranla Rusiya ABŞ-ın regionda yeni mövqelərini formalaşdırmasından ehtiyat edərək Azərbaycana qarşı müəyyən təhdid xarakterli müştərək hərəkətlər göstərsin. Bu mümkündür, lakin onun uzunmüddətli olacağı və strateji perspektiv üçün hesablandığı suallar doğurur.
Akshin Karimov

