Layihə deyil, məqsəd problemdir – Təhsil adı ilə gəlir toplamaq dövrü
19-11-2025, 00:05

Son illər xarici ölkələrin təcrübəsini “nümunə” göstərərək Azərbaycana gətirilən saysız-hesabsız layihələr bir sualı daha kəskin şəkildə ortaya çıxarır: Bu işlərin həqiqi məqsədi nədir? Maarifləndirmək, inkişaf etdirmək, savad yaratmaq, yoxsa sadəcə əlavə gəlir qazanmaq?
Tehsilmedia.az qeyd edir ki, bu gün təhsil sahəsində həyata keçirilən bir çox təşəbbüsün arxasında real ehtiyac yox, büdcə hesablaması, “layihə bağlamaq” həvəsi, şəxsi qazanc marağı dayanır. Kağız üzərində gözəl görünən, təqdimatlarda alqışlanan, sosial şəbəkələrdə vitrinə qoyulan fəaliyyətlərin çoxu öz mahiyyətini itirib: insanı inkişaf etdirmək kimi müqəddəs bir məqsəd ikinci plana keçib.
Halbuki baxırıq adicə qonşu ölkə Türkiyədə vaxtilə həyata keçirilən oxu-yazma kurslarının mahiyyəti tamam fərqli idi. Hədəf savadsızlığın aradan qaldırılması, qadın və kişilərin sosiallaşması, insanların evdən çıxıb özünü dəyərli hiss etməsi idi. Yaşlı insanların attestat alması, oxuma-yazma bilməyən heç kimin qalmaması, əlavə peşələr öyrənmək, evdə internetlə məşğul olmaq, qeybət etmək, boş şeyləri beyninə salıb əsəbləşmə əvəzinə xoş vaxt keçirmək, öyrənmək, inkişaf əsas idi. Bu kurslar cəmiyyətin dirçəlişi üçün idi, kiminsə cibinin dolması üçün yox. Məhz buna görə nəticə verdi.
Bizdə isə layihələrin böyük hissəsi “təhsil” adı ilə keçirilir, amma təhsil üçün edilmir.
Maarifləndirici işlər göstərilir, amma maariflənmə yaratmır.
İctimai fayda görüntüdə qalır, şəxsi fayda isə gizlində böyüyür.
Milləti bu günə salanlar fədakar müəllimlər deyil – təhsil sistemində öz şəxsi marağını xalqın marağından üstün tutanlardır. Məqsəd düz olmayanda nə qədər layihə gətirsən də, inkişaf olmur. Çünki problem layihədə deyil, niyyətdədir.
Təhsil xalqın gələcəyidir, gəlir mənbəyi yox. Bu sadə həqiqəti anlamayanlar isə bir sistemi deyil, bir milləti geri salırlar.

