Tramp özünü çıxılmaz vəziyyətə salıb ...

30-01-2026, 16:38           
Tramp özünü çıxılmaz vəziyyətə salıb ...
Britaniya İrana hərbi zərbə endirilməsini dəstəkləyir.
2 gün əvvəl Almaniyanın kansleri Fridrix Merz “dinc” nümayişlərin amansızlıqla yatırılmasına görə İran hakimiyyətini kəskin tənqid etdi və bu rejimin hakimiyyətdən getməsini tələb etdi. Bəyan etdi ki, İran rejimi son günlərini yaşayır.
Dünən Aİ İranın İslam İnqilabi Keşikçiləri Korpusunu terrorçu təşkilat elan etdi. Yəni ABŞ onlara zərbə endirə bilər, biz etiraz etmirik.
Britaniya və Fransa ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında kəşfiyyat və logistik dəstək göstərir.
Dünən İsrail mətbuatı yazdı ki, ABŞ, İsrail, Britaniya, Fransa və 4 ərəb ölkəsi birlikdə İranda ilk növbədə vurulmalı obyektlərin siyahısını müəyyən ediblər...
Sual oluna bilər ki, İsraili və ABŞ-ı başa düşdük, bəs bu Avropa dövlətləri (xüsusən Britaniya, Fransa və Almaniya) İranla müharibədə niyə belə canfəşanlıq göstərirlər?
Bu üçlük Avropanın liderlər klubudur. Avropanın siyasətini onlar (əsasən, Britaniya), Aİ-nin siyasətini isə Fransa və Almaniya (xüsusən, Fransa) müəyyən edir. Qalan ölkələr, sadəcə, demokratik anturaj yaratmaq üçün lazımdır.
Üçlüyün İranla bağlı indiki canfəşanlığı onların öz taleyi ilə bağlıdır. Onlar görürlər ki, Belçikanın baş naziri Bart de Veverin sözləri ilə desək, Tramp Avropanı ABŞ-ın xoşbəxt vassalından bədbəxt köləsinə çevirmək istəyir. Davos forumu göstərdi ki, Trampa müqavimət göstərmək üçün Avropanın ciddi heç nəyi yoxdur. Buna görə də indi onlar Trampı elə problemə salmaq istəyirlər ki, Avropa yadından çıxsın.
Tramp İrana onun ultimatumunu qəbul etmək üçün 48 saat vaxt vermişdi. Ultimatumun vaxtı bu gün bitir. Ultimatuma görə İran 2 şərti qəbul etməli idi:
▪️ nüvə proqramından imtina etmək,
▪️ raket proqramından imtina etmək.
Artıq məlumdur ki, İran bu şərtlərin heç birini qəbul etməyib. Rusiya və Çin də İranı müdafiə edəcəklərini gizlətmirlər.
Trampın, həqiqətən də, şərtlərini ultimatum formasında bildirdiyini təsdiq edən rəsmi sənəd yoxdur. Lakin əsasən qlobalistlərin (və sionistlərin) əlində olan mətbuat bunu belə vurğulamaqla Trampın seçimini məhdudlaşdırır. Yəni ictimaiyyətdə belə təsəvvür yaradandan sonra Trampın seçimi çox daralır. İran ultimatumu qəbul etməzsə (aydın idi ki, qəbul etməyəcək), narsis Trampın vəziyyətdən yalnız iki çıxış yolu qalır:
İrana hərbi zərbə endirmək – bu halda ABŞ İrandan cavab zərbələri alacaq və Trampa qarşı ABŞ-da baş qaldıracaq etirazlar fonunda Konqresə aralıq seçkilərdə uduzacaq.
İrana hərbi zərbə endirməmək – bu halda mətbuat onu qorxaq kimi təqdim edəcək və yenə Konqresə aralıq seçkilərdə uduzacaq.
Tramp tələyə düşdüyünü anlayır və vəziyyətdən ləyaqətlə çıxmağa çalışır. Dünən bir məlumat da yayıldı ki, ABŞ İrana vasitəçilərlə mesaj göndərib ki, ABŞ-ın raket zərbələrinə cavab verməsin. Əgər məlumat doğrudursa (əvvəlki təcrübəni nəzərə alsaq, inandırıcıdır), deməli, Tramp vəziyyətdən “üzüsulu” çıxmağın yolunu axtarır. Lakin həmin mənbənin məlumatına görə, İran bu təklifi rədd edib.
Göründüyü kimi, Tramp özünü çıxılmaz vəziyyətə salıb. Vəziyyətdən necə çıxa biləcəyini təsəvvür etmirəm. Amma bütün hallarda Tramp böyük və ya uzunmüddətli müharibəyə girməyəcək. Bəlkə də yenə razılaşdırılmış qarşılıqlı raket zərbələri ilə məsələni bağlayacaqlar.
Asif Şəfəqqətov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]