Xəbərdarlıq edilmədən sökülən reklam lövhələri: ADRA-nın Yasamaldakı əməliyyatı hansı hüquqi əsaslara söykənir?
31-01-2026, 15:18

2026-cı il yanvarın 30-da saat təxminən 16:45 radələrində Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 97 və 95 ünvanlarında yerləşən bir neçə iaşə obyektinin üzərində olan reklam lövhələri Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları tərəfindən sökülüb. Hadisə yerindən əldə edilən görüntülər və obyekt sahiblərinin "DogruXeber.tv"yə verdiyi məlumatlar göstərir ki, söküntü prosesi heç bir yazılı xəbərdarlıq, rəsmi qərar və ya akt təqdim edilmədən həyata keçirilib.
Sakinlərin bildirdiyinə görə, agentlik əməkdaşları təkcə adi reklam materiallarını deyil, işıqlı reklam lövhələrini də sökərək yük avtomobillərinə yükləyib ərazidən uzaqlaşdırıblar. Bəzi hallarda lövhələrin yerindəcə cırıldığı, yararsız vəziyyətə salındığı da iddia olunur. Obyekt sahiblərinin etirazları isə nəticəsiz qalıb.
Hadisə zamanı ərazidə olan səlahiyyətli şəxsə aparılan işlərin hüquqi əsasları ilə bağlı sual ünvanlandıqda, verilən cavab qısa və konkret olub:
“Etirazınız varsa, Dövlət Reklam Agentliyinə müraciət edin.”
Bu cavab faktiki olaraq yerində qərar qəbul edən şəxsin məsuliyyəti üzərindən kənara qoyduğunu göstərir.
Rəsmi mövqe nə deyir?
Məsələ ilə bağlı ADRA-nın mətbuat xidmətinin katibi Hüseyn Azəri ilə əlaqə saxlanılıb. O, bildirib ki, müqaviləsi olmadan yerləşdirilən reklam lövhələri xəbərdarlıq edilmədən sökülə bilər və sökülən reklam daşıyıcılarının agentlik əməkdaşları tərəfindən götürülməsi qanunvericiliyə uyğundur.
Lakin bu açıqlama bir sıra sualları açıq saxlayır:
Sökülən reklam lövhələri hansı əsasla sahibinə təhvil verilmir?
Bu əmlak hansı qaydada qeydiyyata alınır və harada saxlanılır?
Söküntü zamanı niyə inzibati protokol və ya rəsmi akt təqdim olunmur?
Vətəndaş sonradan əmlakını geri almaq üçün hansı mexanizmdən istifadə etməlidir?
Mövcud görüntülər və şahid ifadələri göstərir ki, proses inzibati prosedurdan çox, operativ müsadirə formasında icra edilib. Hüquqi dövlət prinsiplərinə əsasən isə dövlət qurumunun hər hansı əmlaka müdaxiləsi şəffaf prosedur, sənədləşmə və hüquqi izahatla müşayiət olunmalıdır.
Söhbət iri biznes strukturlarından deyil, gündəlik fəaliyyəti reklamdan asılı olan kiçik iaşə obyektlərindən gedir. Bu obyektlərin reklam daşıyıcılarının xəbərdarlıq edilmədən aparılması onların iqtisadi fəaliyyətinə birbaşa təsir göstərir.
"DogruXeber.tv" olaraq qeyd edirik ki, məsələ təkcə reklam qaydalarının pozulması deyil, dövlət qurumunun səlahiyyətlərini hansı həddə və hansı üsulla icra etməsi məsələsidir. ADRA-nın bu cür hallarda tətbiq etdiyi mexanizmlərin hüquqi çərçivəsi ictimaiyyət üçün açıq və aydın olmalıdır.
Araşdırma davam edir.




