ABŞ elə bir maraqlı sistemə malikdir ki, dünyada nə baş versə - sonda həmişə Amerika karlı çıxır.

Bu gün, 12:22           
ABŞ elə bir maraqlı sistemə malikdir ki, dünyada nə baş versə - sonda həmişə Amerika karlı çıxır.
Məsələn, dollar indeksi yüksəlir – bu bir çox maliyyə alətləri üzrə qazanc gətirir, dollar indeksi azalır – ixracını artıraraq yenə karlı çıxır.
Neft qiymətləri azalır – ABŞ-da yanacaq qiymətləri kəskin düşür, inflyasiya azalır, iqtisadi canlanma yüksəlir.
Neft qiymətləri artır – ABŞ neft istehsalçıları qazanır, Amerika neft ixracını artırır, yenə karlı çıxır.
Məsələn, Hörmüz böhranı davam etdiyi bu günlərdə ABŞ dünyaya neft satışını kəskin artırıb - ötən həftə ABŞ-ın neft ixracı gündəlik 5,2 milyon barelə çataraq rekord yeniləyib.
Bu ayın əvvəlində ABŞ-a neft yükləmək üçün 65-dən çox boş supertanker (2 mln. və daha artıq barel neft daşıya bilən) gəlib. Bu, İranla müharibə başlamazdan əvvəlki səviyyədən demək olar üç dəfə çoxdur. Ötən il orta gündəlik göstərici 28 gəmi idi. Apreldə Avropa aviasiya yanacağının üçdə birindən çoxunu ABŞ neft emalı zavodlarından alacaq. Bu isə yanvar ayı ilə müqayisədə iki dəfə artıqdır.
Əgər neftin qiyməti bir barel üçün il ərzində ortalama 100 dollar səviyyəsində qalsa, Amerika neft şirkətləri bu il əlavə (bir daha - əlavə, nəzərdə tutulandan, planlaşdırdığından əlavə) 63 milyard dollar pul qazanacaq.
Amerika Avropa bazarının bir hissəsini artıq ələ keçirə bilib. Əgər 10 il əvvəl Avropa ABŞ-dan nə neft, nə də qaz idxal edirdisə, indi oradan neftinin təxminən 15%-ni və mayeləşdirilmiş təbii qazının isə 52%-i alır. Yəni, Avropa enerji məsələsində əvvəl Rusiyadan asılı idisə, indi ABŞ-dan asılı vəziyyətə düşüb.
Yəni, İranın atdığı hər addım sonda elə ABŞ-ın maraqlarına xidmət edir, müharibənin uzanması və gərginliyin artmasından uduşlu çıxan yenə ABŞ olur.
Zalım uşaqları sistemin təməlini düzgün qurublar, ona görə də, prezident ağıllı da olsa, səy-səy danışan da olsa, sistemin çarxları ABŞ maraqlarına xidmət edərək dönür, hə, başqa ölkələrin maraqlarını tapdalayırlar, amma, ABŞ-dan başqalarının maraqlarını qorumasını gözləmək zatən, yumşaq desəm, axmaqlıqdır...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru