ABŞ Ali Məhkəməsi Trampa qarşı verilən qərarı qüvvədə saxlayıb
Bu gün, 09:16

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın jurnalist Elizabet Cin Kerrollun ona qarşı qaldırdığı cinsi qısnama iddiası üzrə apellyasiya şikayətini icraata götürməkdən imtina edib. Bununla da aşağı instansiya məhkəməsinin andlılar heyətinin Trampı təqsirli hesab edən qərarı qüvvədə saxlanılıb.
TASS xəbər verir ki, söhbət Trampın 2023-cü ilin mayında uduzduğu iddiadan gedir.
Həmin vaxt məhkəmə onu Kerrolla beş milyon dollar təzminat ödəməyə məcbur etmişdi.
2024-cü ilin yanvarında isə başqa bir məhkəmə prosesində andlılar məhkəməsi Trampın böhtana görə Kerrolla 83.3 milyon dollar ödəməsinə qərar vermişdi. Bu qərardan federal apellyasiya məhkəməsinə şikayət verilib. Ali Məhkəmə isə ilk iddia üzrə apellyasiyanı niyə qəbul etmədiyini açıqlamayıb.
ABŞ Ədliyyə Nazirliyi may ayında Kerroll barəsində araşdırmaya başlayıb. Araşdırma onun Trampa qarşı iddiaları zamanı yalan ifadə verməsi ehtimalı ilə bağlıdır. Bildirilir ki, Kerroll 2022-ci ildə iddia qaldırmaq üçün kənardan maliyyə dəstəyi almadığını desə də, sonradan milyarder Rid Hoffmanın onun məhkəmə xərclərinin bir hissəsini ödədiyi məlum olub.
Kerroll iddia edir ki, Tramp onu 1996-cı ildə Nyu-Yorkdakı mağazaların birində cinsi zorakılığa məruz qoyub. Münsiflər heyəti zorlama faktını təsdiqləməsə də, Trampı cinsi qısnamada təqsirli bilib. Tramp və vəkilləri ittihamları siyasi motivli adlandırır, ABŞ prezidenti isə "Truth Social" hesabında Kerrollu demək olar ki, heç vaxt tanımadığını və iddianın ona qarşı siyasi məqsədlərlə istifadə edildiyini bildirib.

