Əfsanənin Kölgəsində Qalan Gerçək: Sovet İdeologiyasının Uydurduğu Nəsiminin edam səhnəsi
Dünən, 09:34

Tariximizin ən böyük dramlarından biri olan İmadəddin Nəsiminin faciəvi sonluğu, əsrlər boyu gerçək sənədlərin deyil, duyğusal miflərin kölgəsində dəyişdirilib. Bu gün sosial şəbəkələrdə, hətta bəzi kütləvi yazılarda şairin edamını ərəblərlə bağlayan, hadisəni etnik bir qarşıdurma kimi qələmə verən yanlış fikirlərə tez-tez rast gəlirəm. Halbuki tarixin tozlu rəflərini vərəqləyəndə tamamilə fərqli, həm də çox daha mürəkkəb bir siyasi mənzərə ilə qarşılaşırıq.
Nəsiminin ölüm fərmanını verən şəxs heç bir ərəb xəlifəsi və ya əmiri deyil, dövrünün qüdrətli müsəlman imperiyası olan Məmlük sultanlığının hökmdarı I Müəyyəd Şeyx əl-Mahmudi idi. XIV-XV əsrlərdə indiki Misir, Suriya, İordaniya, Fələstin, Livan və hətta Türkiyənin cənub-şərqini əhatə edən bu nəhəng dövlət rəsmi olaraq "Əd-Dövlətüt-Türki", yəni Türk Dövləti adlanırdı. Hakimiyyətin başında isə qıpçaq və çərkəz mənşəli hərbi elita dayanırdı. Elə şairin qatili olan Sultan Şeyx əl-Mahmudi də Qafqazın şimal-qərbindən gələn köklü bir çərkəz qəbiləsinə mənsub idi. Sarayda, orduda qıpçaq türkcəsi və çərkəz dilləri işlənsə də, dövrün ənənəsinə uyğun olaraq rəsmi sənədlər ərəb dilində qələmə alınırdı. Bu səbəbdən Nəsiminin faciəsini ərəb milləti ilə bağlamaq tarixi kökündən yalan yazmaqdır; bu edam etnik deyil, tamamilə teokratik və siyasi xarakter daşıyırdı. Şair mövcud dini və siyasi nizamı sarsıdan, insanı ilahiləşdirən hürufi ideyalarına görə, Allaha şərik qoşan bir mürtəd kimi ittiham olunmuşdu. Hürufilik Allahın cizgilərini insanda olduğunu iddia edirdi,həmçinin Nəsiminin Ənəl-həqq (mən haqqam) deməsi siyasi dairələri və müsəlmanları qıcıqlandırırırdı. Belə ki,haq olmaq iradəsi yalnız Allaha məxsusdur. Bununla belə Nəsimini dinsiz biri olduğunu iddia etmək çox yersizdir.
Bu siyasi qərarın ətrafında toxunan ən böyük əfsanə isə şairin "diri-diri dərisinin soyulması" hekayətidir. Ədəbiyyatımızda və kinomuzda elə bir dramatik obraz yaradılıb ki, insan bu vahiməli səhnənin gerçəkliyinə inanmaya bilmir. Lakin həm tibb elmi, həm də dövrün şahidi olan salnamələr bu iddianı qətiyyətlə rədd edir. Bioloji baxımdan insanın dərisinin diri-diri, həm də dabandan başlayaraq soyulması zamanı yaranan ağrı şoku elə ilk saniyələrdə huşun itməsinə və dəqiqələr içində ürəyin dayanaraq ölümünə səbəb olur. Belə bir vəziyyətdə insanın dözüm nümayiş etdirib meydanda gəzişməsi və şeir deməsi elmi baxımdan tamamilə qeyri-mümkündür. Akademik Ziya Bünyadovun və alman şərqşünası Mixael Hesin orta əsr arxiv sənədlərinə istinadən üzə çıxardığı həqiqət daha fərqlidir. Edam prosesini bədən-bədən, addım-addım izləyib qeydə alan Hələb tarixçisi Sibt ibn əl-Əcəmi özünün "Kunz əz-Zəhəb" əsərində yazır ki, Nəsimi əvvəlcə sultanın əmri ilə asılaraq və ya boynu vurularaq edam edilmiş, daha sonra ibret-i aləm olsun deyə cəsədi hissələrə parçalanmış və dərısı yalnız ölümündən sonra soyulmuşdur. Bu tədqiqatın nəticələri Ziya Bünyadovun vəfatından illər sonra, 2009-cu ildə "Azərbaycan Şərqşünaslığı" jurnalında işıq üzü görəndə sanki illərin yalan pərdəsini cırdı.
Bəs əgər həqiqət bu qədər çılpaq idisə, ədəbiyyatçılar və sovet dövrünün ideoloqları bizə bu yalanı niyə bu qədər inadla danışdılar? Cavab sovet rejiminin din əleyhinə apardığı amansız təbliğat maşınında gizlənirdi. Ateizmi dövlət səviyyəsində təbliğ edən Sovet rejimindən bundan artıq nə gözləmək olardı? Sovet ideologiyasına Nəsimini dinin, fanatizmin və ruhaniliyin vəhşi qurbanı kimi təqdim etmək, onu təkallahlığa qarşı çıxan bir ateist qəhrəman statusuna qaldırmaq lazım idi. Diri-diri soyulma ssenarisi islam dininə qarşı kütləvi nifrət və qorxu oyatmaq üçün tapılmaz bir ideoloji alətə çevrildi. Digər tərəfdən, əsrlər boyu şairlərin Nəsimi fəlsəfəsini ucaltmaq üçün işlətdikləri "fələk onun dərisini soydu" kimi poetik məcazlar zamanla xalq yaddaşında hərfi mənada qəbul edildi. Ədəbiyyat kütləyə emosional təsir etmək, əyilməz bir milli qəhrəman kultu yaratmaq üçün tarixi faktları bədii mübaliğəyə qurban verdi.
Lakin tarix öz işini gördü. Nəsiminin amansızcasına qətl edilməsi onun ideyalarını boğa bilmədi, əksinə,daha da alovlandı, Anadoludan Azərbaycana qədər geniş bir coğrafiyada Nəsimi davamçıları yarandı.Şairin qanını axıdan Məmlük sultanlığı isə daxili intriqalar və zülm içində boğularaq çox yaşamadı; edamdan təxminən əsr yarım sonra, 1516-cı ildə Osmanlı sultanı Yavuz Sultan Səlim Mərcidabiq döyüşündə məmlükləri darmadağın etdi və Nəsiminin can verdiyi Hələb torpaqları Osmanlı imperiyasının tərkibinə qatıldı. Bu gün bizə qalan isə mifik nağıllarla bəzədilmiş bir qurban obrazı deyil, tarixi gerçəkliyin işığında dayanan həqiqətlər lazımdır....
Tusi Hasanli
TEREF

