Ermənistan ordusundan müəmmalı addım: Bakı narahatdır – Sərhəddə nə baş verir?
Bu gün, 11:16

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla sərhəddə keçirdiyi “Qapalı dövrə 2026” təlimi narahatlıq doğurub. Təlimin məqsədinin aktiv döyüş əməliyyatları zamanı yerli media ilə ordu arasında koordinasiyanı təşkil etmək, informasiya yayımını idarə etmək olduğu bildirilir.
İrəvan rəsmiləri bir tərəfdən Azərbaycanla sülh açıqlamaları verir, digər tərəfdən ordunun döyüş hazırlığı səviyyəsini artırır.
Ermənistanın bu addımı hansı şəkildə dəyərləndirilməlidir? Bakının reaksiyası necə olacaq?
Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Ermənistan Müdafiə Nazirliyi mütəmadi olaraq təlimlərin məqsədləri barədə danışarkən bunu əsasən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş əməkdaşlıq kimi qiymətləndirir:
“Lakin bu açıqlamaları Ermənistan hərbi təlimlərinin gerçək məqsədi kimi qəbul etmək mümkün deyil. Verilən rəsmi məlumat iz azdırmaqdan, diqqəti əsl mahiyyətindən yayındırmaq cəhdidir. Burada niyyətin yalnız Ermənistan hərbiçilərinə yeni vərdişlər aşılanmasından, sülhməramlılara konkret situasiyalarda hansısa davranış qaydalarının öyrədilməsindən ibarət olduğunu, ümumiyyətlə təlimlərin yalnız hərbi məqsədlərə hədəfləndiyini düşünmək sadəlövhlük olardı.
Ermənistan ordusu ilə birgə təlimlər keçən Amerika Birləşmiş Ştatları ilə müqayisəsini aparaq. Onlardan birincisi dünyanın supergüc dövləti, ikincisi isə öz fərari ordusu ilə kapitulyasiyaya məruz qalmış ölkədir. Belə bir ölkə ilə hərbi əməkdaşlığın ABŞ-a hansısa dividentlər gətirəcəyini təsəvvür etmək mümkün deyil. Elə Ermənistan hərbiçilərinin ABŞ hərbiçiləri ilə ayaqlaşa biləcəyi ehtimalı da çox aşağıdır. Ümumiyyətlə, bütün parametrlər baxımından ABŞ-Ermənistan hərbi əməkdaşlığı absurd görünür və heç bir perspektivi yoxdur. Bəs onda Ermənistanda hərbi təlimlər keçirilməsini şərtləndirən amillər hansılardır? Burada təlimlərin hərbi əhəmiyyəti ilə paralel siyasi çalarları da, var. Startı verilən hərbi təlimlər Ermənistanın indiki hakimiyyətinin ölkənin siyasi oriyentasiyasını dəyişmək, Şimaldan Qərbə istiqamətlənmək planının tərkib hissəsidir. Son vaxtlarda baş nazir Nikol Paşinyan öz hakimiyyətini qorumaq naminə Ermənistanın bir sıra parametrlər üzrə bilavasitə asılı olduğu Rusiya ilə körpüləri yandırmaq istiqamətində addımlar atır”.
Politoloq bildirib ki, ABŞ-ın regionla bağlı planları da bəllidir:
“Vaşinqton ənənəvi olaraq Rusiyaya və İrana qarşı siyasi kurs həyata keçirir. Ermənistanda Rusiyanı əvəzləməklə və dislokasiya olunmaqla bu siyasəti həyata keçirmək xeyli dərəcədə asanlaşacaq. Bu halda Ermənistan Rusiyanın və İranın mənafeyinə zidd siyasət yürüdə ABŞ üçün plasdarma çevrilir. Lakin bu kimi hallar yalnız İran və Rusiyaya qarşı yönəlmir, eyni zamanda torpaqları 30 il işğala məruz qalan Azərbaycan üçün də qəbuledilməz vəziyyətdir. Əvvəla ona görə ki, Ermənistanda hələ də revanşist meyilli böyük bir kütlə var. Həmin kütlə Rusiya tərəfindən maliyyələşdirilir və himayə edilir.
Ermənistan siyasi rəhbərliyi Azərbaycan qarşısında götürdüyü öhdəliklərin bir qismini yerinə yetirməyib. Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr əvvəlki aktivliyini qorumur. Ermənistan hökuməti son seçkilərdən sonra bu istiqamətdə demək olar ki, danışmır. Bu da ciddi suallar yaradır. Düşünürəm ki, Azərbaycan bir müddətdir Ermənistan üçün açdığı humanitar dəhlizi bu suallara cavab alana qədər bağlamalı, sülhyaratma prosesində aktiv iştirak etmiş rəsmi Vaşinqtona sorğu göndərməli, papalel olaraq sərhəddə hərbi təlimlərə başlamalıdır”.

