Bir sözlə, iş logistikaya qaldısa, rusların işi fənadır.
Dünən, 12:08

Bildiyiniz kimi, Rusiya dünyanın ən yekə (böyük yox, məhz yekə) dövlətidir. Malik olduğu nəhəng ərazi bəzən Rusiyanın gücü olub, bəzən də zəifliyi.
Gücü olması barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Napoleonun hücumunu göstərə bilərik, məsələn. 600 minlik “Böyük ordu” xüsusən geri çəkiləndə erkən düşən şaxtalar və ərzaq çatışmazlığı üzündən böyük itki verdi və ən azı 4/5 hissəsini itirdi.
Hitler SSRİ ərazisini heç bir ölkədə göstərmədiyi sürətlə işğal edirdi. Amma yenə də Moskvaya çatana qədər raputitsa başladı, texnika dizdən yuxarı palçığa batıb qaldı. Bu müddətdə Uzaq Şərqdən yeni qüvvələr Moskva ətrafına gətirildi və paytaxt uğurla müdafiə olundu.
Bundan əlavə, ölkənin qərb rayonlarında yerləşən müəssisələrin bir hissəsi şərqə köçürüldü və alman aviasiyası üçün əlçatmaz oldu. Almaniya sənayesi az qala hər gün bombalanarkən, sovet sənayesi Uraldan şərqdə və Orta Asiyada rahat fəaliyyət göstərdi.
Amma bu boyda ərazisi olan dövlətin güclü logistikası da olmalıdır. Yekə ərazini Rusiyanın həm də handikapına çevirən məhz ənənəvi zəif logistikadır.
Məsələn, Krım müharibəsində Rusiyanın məğlubiyyətinin bir səbəbi texnoloji cəhətdən İngiltərə və Fransadan geri qalması idisə, digər səbəbi zəif logistika idi. İmperiyanın cənubunda dəmiryolu yerli-dibli yox idi. Arabalarla həftələrlə, aylarla yol qət edilirdi. Rasputitsa yaz və payızda təchizatı lap zəiflədirdi. İngiltərə və Fransa donanması canlı qüvvə, hərbi sursat və ərzağı Krıma daha tez daşıyırdı, nəinki Rusiya.
Eyni amil Uzaq Şərqdə aparılan rus-yapon müharibəsində də məğlubiyyətin əsas səbəbi idi.
Çarizmin devrilməsi ilə nəticələnən 1917-ci il Fevral inqilabının tətikləyici səbəbi paytaxt Peroqradda çörək çatışmazlığı oldu. Halbuki Rusiyada yetərincə taxıl ehtiyatı vardı, amma dəmiryolunda hökm sürən kollaps üzündən Petroqradı təchiz etmək mümkün olmadı.
Ukrayna müharibəsində Rusiyanın yekəliyi özünü daha çox müsbət tərəfdən göstərirdi. Amma Ukrayna dronları vəziyyəti dəyişir. Artıq sərhəddən 2500 km məsafədə olan Omska zərbə endirilir. İlhaq edilmiş Krımın təchizatı minimuma enib. Rusiyanın öz ərazilərində kəskin yanacaq qıtlığı var. Ehtiyac yaransa və dron bol olsa, Ukrayna yəqin avtomobil və dəmiryolu körpülərinə də zərbə endirəcək.
Bir sözlə, iş logistikaya qaldısa, rusların işi fənadır.
Yadigar Sadıqlı
TEREF

