Sistani niyə Xameneinin cənazəsi üstünə getmədi?

Bu gün, 11:38           
Sistani niyə Xameneinin cənazəsi üstünə getmədi?
Şiə dünyasının ən böyük mərceyi-təqlid müctehidlərindən biri Ayətullah əl-Üzma Seyid Sistaninin şəxsi evi yoxdur, o, yarım əsrdən çoxdur ki, Nəcəfdə 70 kvadrat metrlik kirayə evdə yaşayır.
Bu balaca evi kirayə tutması isə səbəbsiz deyil. Ev İmam Əlinin (ə) məzarından təxminən 100 metr aralıda, ensiz küçələrdən birində yerləşir. Yəni Sistani həzrətləri ürəyi istədiyi an evindən çıxıb İmam Əlinin məzarına gedə və onun qəbrini ziyarət edə bilər.
Məlumdur ki, İranın dini lideri Əli Hüseyn Xameneinin şəhər-şəhər dolaşdırılan cənzasəsi də son olaraq Nəcəfə və Kərbəlaya aparılmışdı. İslam qaydalarına zidd olsa da, bu addımın atılmasının bəlkə də gizli bir səbəbi vardı: Sistani həzrətləri onun cəzanəsinin üstünə gəlsin, gəlməmək üçün heç bir bəhanə tapmasın. Başqa sözlə, “dağ dağa rast gəlməsə də”, Sistani ağa dağa sarı getsin.
Bəs bilirsinizmi, nə oldu? Sistani ağa, ağayi-Xameneinin cənazəsi üstünə getməmək üçün incə bir bəhanə tapa bildi – sağlamlıq məsələsi. Ağanın oğlu Məhəmmədrza Sistani cənazə Nəcəfə gətirilməmişdən əvvəl media orqanlarına açıqlama verərək dedi: “Atamın fiziki vəziyyəti və sağlamlıq durumu Əli Xameneinin vida mərasiminə qatılması və onun cənazəsi üzərində meyit namazı qılmasına imkan vermir”.
Oğul Sistaninin xüsusilə son sözləri – “onun cənazəsi üzərində meyit namazı qılması” fikirləri onu göstərir ki, İranlılarda cənazə namazını Sistaninin qılmasına dair böyük gözlənti varmış. Sistani isə incə manevrlə bu gözləntini də Qum üləmalarının gözündə qoyub.
Sözsüz ki, İran üləmalarının, daha doğrusu, SEPAH başbilənlərinin bu gözləntisi səbəbsiz deyildi. Böyük ehtimalla, öz müqəddəs şəxsiyyətlərinin meyitini Ayətullah əl-Üzma Seyid Sistaninin ayaqlarına qədər aparan və böyük mərceyi-təqlidin hüzurunda cənazə namazı qıldırmağa çalışan Qum üləması bununla bütün şiə dünyasının legitimliyini qazanmaq istəyirdi. Bununla da yəqin ki, Sistanidən sonra şiə dünyasının yeganə “qibləsi” halına gəlməyi planlaşdırırdı. Dərin düşüncəyə və uzaqgörənliyə sahib olan Sistani həzrətləri ölüdən belə siyasi dividend qazanmağa çalışan zehniyyətin nə qədər təhlükəli olduğunu anladığından bu projedə iştirak etməkdən boyun qaçırdı. O, nəinki Xamenenin cənazə namazını qılmadı, hətta evindən 100 metr aralıda sərgilənən meyitinin üstünə belə getmədi.
Əlbəttə ki, Xameneinin ölümündən 131 gün sonra dəfn edilməsi də Sistaninin təqdirdə qarşılamadığı hallardan və bu dəfn şousuna qatılmamasının başlıca səbəblərindən biri ola bilər. Çünki şiə inancına görə, ölən şəxsin cənazəsi dərhal basdırılmalı, heç bir əsaslı səbəb olmadan gecikdirilməməlidir. İmam Cəfər Sadiqə istinad edilən bir hədisdə bu barədə deyilir: “Allahın Rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Ey insanlar, ölülərinizin dəfnini gecikdirməyin. Əgər kimsə gecə vəfat edərsə, səhərə qədər gözləməyin. Əgər kimsə gündüz vəfat edərsə, gecəyə qədər gözləməyin. Ölülərinizin günəşin doğmasını və ya batmasını gözləməyin. Onların dəfn olunduğu yerlərə tələsin””.
Təbii ki, Cəfəriliyin ən böyük təbliğatçılarından və müctehidlərindən olan Sistani şiə müsəlmanlarının ən samballı hədis kitablarından olan Şeyx əl-Kuleyninin“Üsul əl-Kafi”də (“Dəfnin tələsdirilməsi fəsli”) yer alan bu hədisi gözardı edə bilməzdi. Əks halda, təkcə özünü yox, bütün şiə əqidəsini gözdən salmış olardı.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru