“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır
Bu gün, 17:54

“Meta” Kanadada ilk məlumat mərkəzinin tikintisinə 13 milyard Kanada dolları həcmində investisiya yatıracağını açıqlayıb.
Şirkətin Alberta əyalətinin “Sturgeon County” bölgəsində inşa edəcəyi obyektin ilkin gücü 1 giqavat olacaq və gələcəkdə 1,8 giqavata qədər genişləndirilə biləcək. Layihənin ümumi dəyərinin təxminən 13 milyard Kanada dolları (9,17 milyard ABŞ dolları) olacağı bildirilir.
Məlumata görə, bu obyekt “Meta”nın dünya üzrə 33-cü məlumat mərkəzi olacaq. Şirkət süni intellekt texnologiyalarına artan tələbat fonunda qlobal hesablama gücünü sürətlə genişləndirir və ABŞ-da da iri həcmli məlumat mərkəzlərinə yüz milyardlarla dollar sərmayə yatıracağını açıqlayıb.
Layihə Kalqaridə Alberta əyalətinin baş naziri Deniyel Smit və digər hökumət rəsmilərinin iştirakı ilə təqdim olunub. Albertanın texnologiyalar naziri Neyt Qlubiş bildirib ki, hazırda əyalətdə bir neçə giqavat gücündə əlavə məlumat mərkəzi layihələri də müxtəlif inkişaf mərhələlərindədir:
“Bu, ölçüsünə və miqyasına görə ilk belə layihədir, lakin sonuncu olmayacaq”.
Yeni mərkəz təxminən 800 min ev təsərrüfatının istehlak etdiyi qədər elektrik enerjisi istifadə edəcək. “Meta” layihə üçün yeni elektrik istehsalı və enerji şəbəkəsi infrastrukturunun maliyyələşdirilməsini tam şəkildə öz üzərinə götürəcək.
Şirkət həmçinin Alberta mərkəzli “Pembina Pipeline” ilə əməkdaşlıq edir. Bu çərçivədə “Sturgeon County”də təbii qazla işləyən “Greenlight Electricity Centre” elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Stansiyanın 2030-cu ilin sonlarında istismara verilməsi planlaşdırılır və “Meta” layihə üzrə uzunmüddətli xidmət müqaviləsi imzalayıb.
Həmin stansiya istifadəyə verilənədək və sonrakı on il ərzində Alberta mərkəzli “Capital Power” şirkəti mövcud təbii qaz elektrik stansiyaları vasitəsilə obyektə 250 meqavat enerji təmin edəcək.
Qeyd edək ki, Alberta ucuz təbii qaz ehtiyatları və soyuq iqlimi sayəsində iri məlumat mərkəzləri üçün cəlbedici məkan hesab olunur. Bununla belə, ekoloji təşkilatlar layihəni tənqid edərək, yüksək enerji tələbatı və emissiya riskləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. “Greenpeace Canada” təşkilatının nümayəndəsi Kit Stüart iri məlumat mərkəzlərinin tikintisinə dair daha sərt hüquqi tənzimləmələrin tətbiq edilməsinə çağırıb.

