Hindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı
Bu gün, 17:24

Hindistan Mərkəzi Bankı (RBI) kriptovalyutaların tənzimlənən maliyyə sistemindən tamamilə kənarda saxlanılmasını təklif edib.
Valyuta.az Reuters-ə istinadən xəbər verir ki, RBI hökumət qurumlarına təqdim etdiyi hesabatlarda bankların kriptovalyuta saxlamaması və müştərilərinə bu sahədə xidmət göstərməməsi ilə bağlı təklif irəli sürüb. Qurum hesab edir ki, bu addım kriptovalyuta bazarında yarana biləcək risklərin bank sisteminə təsirinin qarşısını ala bilər.
Mərkəzi Bank həm "Bitcoin" və "Ethereum" kimi kriptovalyutaları, həm də ABŞ dollarına indekslənmiş sabit kriptovalyutaları (stablecoin) ölkənin monetar suverenliyi üçün risk hesab edir. Hesabatda rupi ilə indekslənmiş sabit kriptovalyutaların da dövlətin pul emissiyasından əldə etdiyi gəlirləri azalda və maliyyə sabitliyini poza biləcəyi qeyd olunub.
RBI, həmçinin xaricdə fəaliyyət göstərən kriptobirjalar səbəbindən vergi yığımının çətinləşdiyini bildirib. Məlumata görə, hazırda Hindistanda təxminən 40 milyon nəfər kriptovalyuta ticarəti ilə məşğuldur və investorların əlində ümumilikdə 2,1 milyard ABŞ dolları dəyərində kriptovalyuta mövcuddur.

