Piyadanı vuran sürücü həbs edilməyə bilər – Yeni qayda gəlir?

Bu gün, 10:19           
Piyadanı vuran sürücü həbs edilməyə bilər – Yeni qayda gəlir?
Piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində məsuliyyətin kimdə olduğu uzun illərdir müzakirə mövzusudur. Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, Azərbaycanda bu cür hadisələr üzrə məhkəmə təcrübəsində əksər hallarda sürücülər məsuliyyətə cəlb olunur və hər hadisənin fərdi qaydada qiymətləndirilməsi prinsipi tam təmin edilmir.

Məsələn, bir sıra ölkələrdə, o cümlədən Rusiyada, qəza piyadanın qayda pozuntusu nəticəsində baş verərsə və sürücünün hər hansı yol hərəkəti qaydasını pozmadığı müəyyən olunarsa, ona həbs cəzası verilmir. Bəzi ölkələrdə isə piyadanın təqsiri sübuta yetirildiyi halda, dəymiş zərərin ödənilməsi məsuliyyəti onun, vəfat etdiyi təqdirdə isə hüquqi varislərinin üzərinə düşür.

Bəs Azərbaycan qanunvericiliyində bu məsələ necə tənzimlənir?

TEREF xəbər verir ki ,Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, məsələyə bir qədər fərqli prizmadan baxmaq lazımdır:

“Mənə həqiqətən də aydın deyil ki, niyə piyadalar yol hərəkəti qaydalarını pozduqları halda cərimələnmirlər. Bunun üçün mütləq yol-nəqliyyat hadisəsinin baş verməsi vacib deyil. Bu gün şəhərin demək olar ki, bütün küçələrində müşahidə kameraları var. Piyadaları da eyniləşdirmək mümkündür. Bəs niyə həmin şəxslər məsuliyyətə cəlb olunmurlar? Əgər bu qayda real şəkildə tətbiq olunsa və piyadalar yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələnməyə başlasalar, hesab edirəm ki, qayda pozuntularının sayı ciddi şəkildə azalacaq. Çünki hazırda sürücülər kimi piyadaların da əksəriyyəti qaydaları pozur. İnsan bilməlidir ki, qaydanı pozarsa, buna görə məsuliyyət daşıyacaq. Piyadalara aşılanmalıdır ki, işıqforun onlar üçün nəzərdə tutulan yaşıl işığı yanmadan yolu keçmək olmaz, piyada keçidi olmayan yerdə yolu keçmək qayda pozuntusudur. Onlar bilməlidirlər ki, bu qaydaların pozulması həm cərimə ilə nəticələnə, həm də yol-nəqliyyat hadisəsi baş verdiyi halda onların hüquqi məsuliyyətinə təsir göstərə bilər”.

Hüquqşünasın fikrincə, hər bir yol-nəqliyyat hadisəsi fərdidir və ayrıca qiymətləndirilməlidir:

“Əgər hadisədə həm piyadanın, həm də sürücünün təqsiri varsa, hər ikisinin məsuliyyəti nəzərə alınmalıdır. Məsələn, piyada yolu icazə verilməyən yerdən keçibsə, eyni zamanda sürücü də həmin ərazidə icazə veriləndən xeyli yüksək sürətlə hərəkət edibsə, bu zaman hər iki tərəfin təqsiri qiymətləndirilməlidir. Belə hallarda sürücüyə mütləq azadlıqdan məhrumetmə cəzası verilməsi düzgün yanaşma olmaya bilər. Konkret şəraitdən asılı olaraq azadlığın məhdudlaşdırılması, şərti cəza və ya cərimə kimi alternativ sanksiyalar tətbiq edilə bilər. Digər tərəfdən, elə hallar da olur ki, sürücünün ümumiyyətlə təqsiri yoxdur. Məsələn, piyada qəfil şəkildə, keçilməsi qadağan olunan yerdən avtomobilin qarşısına çıxır və sürücü nə qədər çalışsa da, nəqliyyat vasitəsini vaxtında saxlaya bilmir. Belə vəziyyətdə sürücünü təqsirli hesab etmək düzgün deyil”.

Əkrəm Həsənov əlavə edib ki, burada əsas məsələ məsuliyyət prinsipidir:

“Dünyanın əksər ölkələrində yanaşma da məhz belədir: kim qaydanı pozursa, o da buna görə məsuliyyət daşıyır. Təəssüf ki, bizdə hələ də elə bir təsəvvür formalaşıb ki, sanki yol hərəkəti qaydalarını pozmaq adi haldır. Halbuki yol hərəkəti təhlükəsizliyi həm sürücünün, həm də piyadanın qarşılıqlı məsuliyyəti üzərində qurulmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru