"Belə-belə batil inanclar formalaşır"
Bu gün, 10:34

Cəmiyyətdə geniş yayılmış batil inanclar insanların gündəlik həyatına təsir göstərsə də, ekspertlər bu düşüncələrin dini qaynaqlara söykənmədiyini bildirirlər.
İlahiyyatçı Fazil Əhməd mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bu tip inancların əsası olmadığını deyib.
“Qara pişiyin insanın qarşısından keçməsi, süpürgənin ayağa dəyməsi və ya bəzi ailələrin "bizə inək düşmür", "toyuqdan tövbəliyik" kimi düşüncələri batil inanclardır və dini baxımdan heç bir əsası yoxdur. Bu cür inanclar əsasən təsadüfi hadisələrin yanlış şəkildə səbəb-nəticə əlaqəsi kimi qəbul edilməsindən yaranır və sonradan nəsildən-nəslə ötürülür. Bir insan hansısa işi gördükdən sonra təsadüfən xoşagəlməz hadisə ilə üzləşir və bunu həmin hadisə ilə əlaqələndirir. Daha sonra da yaxınlarına həmin işi görməməyi tövsiyə edir. Belə-belə batil inanclar formalaşır.
Bəzi bölgələrdə "bizə inək düşmür", "toyuq saxlamaq bizlik deyil" kimi ifadələr də məhz bu cür təsadüfi hadisələrin nəticəsində yaranır, bir ailənin heyvan aldığı gün ailədə ölüm və ya başqa xoşagəlməz hadisə baş veribsə, sonradan bunun həmin heyvanla əlaqəli olduğu düşünülüb. Bu inancların çox cüzi hissəsinin praktiki əsası ola bilər."
O, gecə vaxtı dırnaq tutmamağın keçmiş dövrlərdə işıqlandırmanın zəif olması ilə bağlı təhlükəsizlik tədbiri olduğunu, bunun isə mistik səbəblərlə əlaqəsi olmadığını bildirib.
"İnsanın qarşısından qara pişiyin keçməsi, qarğanın qarıldaması və ya hansısa qonağın "ayağının düşməməsi" ilə bağlı deyilənlər də əsassız inanclardır. İnsanın başına gələn hadisələr ya öz əməllərinin nəticəsi, ya da Allahın imtahanıdır.
Dini biliklərin zəif olması belə inancların yayılmasına şərait yaradır və nəticədə bəzi insanlar cadugərlərə üz tuturlar. Kiçik batil inanclar zamanla insanı cadugərlərə inanmağa qədər aparıb çıxarır. İllərlə məscidə getməyən insanın sonda cadugərin qapısında növbə gözləməsi təəccüblü deyil", – deyə Fazil Əhməd fikrini tamamlayıb.

