Ərzaq məhsullarının qiyməti qalxacaq - “Bloomberg” xəbərdarlıq edir

Bu gün, 00:12           
Ərzaq məhsullarının qiyməti qalxacaq -
Qlobal bazarda qiymət artımı, müharibələr və iqlim faktorları ölkə daxilində də bahalaşma ehtimalını gücləndirir

Qlobal miqyasda baş verən iqlim dəyişiklikləri və geosiyasi gərginliklər ərzaq bazarında yeni bahalaşma dalğasının yaranmasına səbəb ola bilər.

Bestmedia.az xəbər verir ki, “Bloomberg” agentliyinin yaydığı məlumata görə, əlverişsiz hava şəraiti, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar qida məhsullarının qiymətlərinə ciddi təsir göstərir. Xüsusilə, Qara dəniz regionunda tədarük zəncirində yaranan çətinliklər vəziyyəti daha da mürəkkəbləşdirir.

Bildirilir ki, Rusiya və Ukrayna birlikdə dünya buğda ixracının 25 faizdən çoxunu, günəbaxan yağı tədarükünün təxminən üçdə ikisini və qarğıdalı ixracının mühüm hissəsini təmin edir. Bu ölkələrdəki münaqişə səbəbindən ixrac imkanlarının məhdudlaşması qlobal bazarda təklifin azalmasına gətirib çıxarır.

Eyni zamanda, Avropada müşahidə olunan rekord istilər, quraqlıq və meşə yanğınları son onilliklərin ən zəif taxıl məhsuldarlığına səbəb ola bilər. Bu amil də ərzaq qiymətlərinin yüksəlməsi riskini artırır.

Digər tərəfdən, ABŞ və İsrailin İrana qarşı hərbi addımları enerji və gübrə qiymətlərinin bahalaşmasına təsir göstərib ki, bu da kənd təsərrüfatı xərclərini artırır.

Ekspertlər əlavə olaraq, Sakit okeanda suyun temperaturunun artması ilə müşayiət olunan El-Ninyo iqlim hadisəsinin xüsusilə düyü istehsalçı ölkələr üçün risk yaratdığını vurğulayırlar. Bu faktor da qlobal ərzaq bazarında qeyri-sabitliyi gücləndirə bilər.

Azərbaycanlı ekspertlər də hesab edirlər ki, dünya ərzaq bazarında yaranan təlatümlər ölkədəki qiymətlərə təsirsiz ötüşməyəcək. Çünki ölkənin ərzaq zənciri hələ də böyük miqdarda idxaldan asılıdır. Odur ki, irəlidəki aylarda ərzaq məhsullarının bahalaşma ehtimalı yüksəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru