Azərbaycan–Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələsi
Bu gün, 17:50

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf yolu keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin strateji məzmununu daha da gücləndirib.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü, daha sonra iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilirb. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
Şuranın iclasında çıxış edən dövlətimizin başçısı ilk növbədə Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Prezident İlham Əliyev deyib: “Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı vurğulayıb: “Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”.
Dövlətlərarası Şuranın 3-cü iclasında Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. Dövlətimizin başçısı Fondun inkişafının layihələrin sayının artacağına, ortaq məqsədlərimizə xidmət edəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev iclasda Azərbaycan və Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini bildirib. “Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qırğızıstan Prezident Sadır Japarov Şuranın iclasında bildirib ki, Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Qırğızıstan dövlətinin başçısı qeyd edib: “Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvi dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazınıb”.
Bu gün Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur. Qırğızıstanın dövlət başçısı qeyd edib ki, bu əməkdaşlıq möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanır. “Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll olunmamış heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir”, - deyə o vurğulayıb.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.
Aysel Mənsimova - politoloq

