Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir
Bu gün, 17:21

Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə işıq salır. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Belə ki, keçirilən görüşlərdə müzakirə edilən məsələlər, ümumi mövqenin ortaya qoyulması, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər əlaqələrin gələcək inkişafına stimuldur.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü, daha sonra iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilirb. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
Azərbaycana Prezidentinin Qırğızıstana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək. İmzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. Onlardan hər biri böyük əhəmiyyət kəsb edir.
Şuranın iclasında çıxış edən dövlətimizin başçısı ilk növbədə Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Prezident İlham Əliyev deyib: “Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Çolpon-Ata şəhərində çıxış edən dövlətimizin başçısı vurğulayıb: “Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”.
Azərbaycan və Qırğızıstanı ortaq tarix, dil və mədəni dəyərlər birləşdirir. Bu baxımdan humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz hissəsidir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Xıdırlıda tikilən Ayköl Manas adına məktəb də məhz bu humanitar əməkdaşlığın ən uğurlu nümunələrindən biri hesab olunur.
Mədəni-humanitar əməkdaşlıq da münasibətlərin ayrılmaz hissəsi olaraq inkişaf etdirilir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində birgə layihələrin həyata keçirilməsi xalqlar arasında qarşılıqlı etimadın və yaxınlığın möhkəmlənməsinə xidmət edir.
Dövlətlərarası Şuranın 3-cü iclasında Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. Dövlətimizin başçısı Fondun inkişafının layihələrin sayının artacağına, ortaq məqsədlərimizə xidmət edəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev iclasda Azərbaycan və Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini bildirib. “Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Səfərin əhəmiyyətini, məqsəd və məramını, həmçinin münasibərlərin gələcək inkişafını açıqlayan mühüm addımlardan biri də prezidentlərin mətbuata bəyanatlarıdır. İki ölkə başçısının mətbuata birgə bəyanatı zamanı Azərbaycan Prezidenti İlham Əliyev dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qaldırıldığını bildirib. Dövlətimizin başçısı vurğulayıb: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.
Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Ən önəmlisi ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

