Azərbaycan ilə Qırğızıstan arasında çox uğurlu əməkdaşlıq mövcuddur

Bu gün, 17:39           
Azərbaycan ilə Qırğızıstan arasında çox uğurlu əməkdaşlıq mövcuddur
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial var. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri özünəməxsus əhəmiyyət kəsb edir.
Beynəlxalq təşkilatlar çərçivəsində qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq mövcuddur. Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğız Respublikası ilə sıx əməkdaşlığa önəm verməsi çox əhəmiyyətlidir. Çünki burada regional maraqlarla yanaşı, ortaq tarix və mədəni bağlılıq mövcuddur, uzun bir zamandan sonra Azərbaycanı Mərkəzi Asiya respublikaları ilə birləşdirən dəyərlərə yeni çalarlar qatılıb, bu isə Türkçülük ideyası, keçmişimizə və irsimizə sahib çıxmaqdır. Təəssüf ki, əvvəllər, xüsusən Sovet İttifaqı dövründə bunu açıq mümkün deyildir. İndi isə Türk dövlətləri müstəqildir, öz taleyini özləri həll edir və bu arialda nə qədər sıx inteqrasiya edib güc mərkəzinə çevrilsələr, dünya üçün bir o qədər cəlbedici olacaqlar. Bu baxımdan bu gün həm Azərbaycan xalqı, həm də Qırğız xalqının daha da yaxınlaşmasında liderlərin siyasi irədəsinin böyük önəmi var.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü, daha sonra iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilirb. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
Qeyd edilməlidir ki, bu il iyulun 1-nə Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. 1997-ci il avqustun 28-də iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb və qüvvədədir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.
Azərbaycan son illərdə regionun ən cəlbedici investisiya məkanlarından birinə çevrilib. Qırğızıstan isə Mərkəzi Asiya bazarına çıxış imkanları və geniş kənd təsərrüfatı potensialı ilə Azərbaycan biznesi üçün maraqlı istiqamət hesab olunur. Qarşılıqlı investisiyaların artması həm iqtisadi əlaqələrin şaxələndirilməsinə, həm də özəl sektorun fəallığının yüksəlməsinə töhfə verəcək.
Ölkəmiz bütün türk dövlətləri ilə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görülür. Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya, nəqliyyat və energetika üzrə genişlənir. İqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün dövlətlərimizin başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.
Bu baxımdan ölkələrimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Azərbaycan-Qırğız İnkişaf Fondu bu istiqamətdə səmərəli platforma rolunu oynayır. 2022-ci il oktyabrın 11-də Bişkekdə “Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb.
Səfər çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollaradək artırılırması qərara alınıb ki, bu da iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yaradacaqdır.
Beləliklə, iki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru