İTAKAYA APARAN YOL
Bu gün, 00:02

Kristofer Nolanın "Odissey"i haqqında bəzi düşüncələrim
İtaka xəritədə göstərilən bir ada deyil. O, insanın bütün ömrü boyu axtardığı daxili tarazlığın adıdır. Buna görə də Odisseyin səfəri coğrafi hərəkətdən çox, şüurun keçdiyi uzun bir yoldur. İnsan dünyanı tanıdıqca, əslində özünü tanıyır; qazandıqlarından çox, itirdiklərinin fərqinə varır. Səyahətin sonunda çatdığı yer isə əvvəl tərk etdiyi ev deyil. Çünki iyirmi ildən sonra nə ev əvvəlki evdir, nə də qayıdan adam əvvəlki adam.
Kristofer Nolanın “Odissey” filminə də bu prizmadan baxmaq lazımdır. Onun filmlərində görünən süjetdən daha çox görünməyən ideyalar danışır. Homerin yaratdığı “nostos” – qayıdış motivi də fiziki dönüşdən əvvəl daxili çevrilmənin hekayəsidir. Sirenalar, Polifem, Kirke və Lotus yeyənlər sadəcə mifoloji obrazlar deyil; onlar insan şüurunun müxtəlif sınaqlarıdır. Bu simvolları tanıyan tamaşaçı filmin görünməyən qatlarını da daha aydın oxuya bilər.
Kristofer Nolanın bütün yaradıcılığına nəzər salanda onun niyə məhz “Odisseya”ya üz tutduğunu anlamaq çətin deyil. Mövzular müxtəlif görünür: yaddaş, zaman, kosmos, yuxular, atom bombası. Amma bu müxtəlifliyin altında dəyişməyən bir sual dayanır: zaman insanı necə dəyişdirir?
Memento yaddaşın parçalanmasını araşdırırdı. Interstellar zamanın fərqli axınının insan münasibətlərini necə dəyişdirdiyini göstərirdi. Tenet səbəb və nəticənin istiqamətini alt-üst edirdi. Oppenheimer isə biliyin yükünün insan vicdanından ağır gələ biləcəyini sorğulayırdı.
Bu filmlər fərqli hekayələr danışsa da, hamısı eyni fəlsəfi axtarışın müxtəlif təzahürləridir. Bu baxımdan “Odisseya” Nolan üçün yeni istiqamət deyil.
Əksinə, illərdir düşündüyü sualların ən qədim mənbəyinə qayıdışdır.
Nolanın kino dili həmişə zaman və məkan anlayışını yenidən qurmağa çalışır. Homerdə taleyin və iradənin qarşıdurması necə əsas mövzulardan biridirsə, Nolanın filmlərində də insan zamanın, səbəbiyyətin və seçimin sərhədləri ilə üz-üzə qalır. Burada mifologiya ilə müasir elm arasında gözlənilməz bir yaxınlıq yaranır.
Qədim insan kainatı mif vasitəsilə izah edirdi. Müasir insan isə eyni suallara fizika və riyaziyyatın dili ilə cavab axtarır. Dillər dəyişib, suallar isə dəyişməyib.
Qədim yunan düşüncəsində taledən qaçmaq mümkün deyildi. Odissey nə qədər mübarizə aparsa da, yolu əvvəlcədən müəyyən edilmiş kimi görünürdü. Nolan bu anlayışı tanrıların hökmü ilə deyil, fizikanın qanunları ilə əvəz edir. Əgər zaman xətti deyil, bütöv bir quruluşdursa və keçmişlə gələcək eyni reallığın hissəsidirsə, onda bizim "seçim" adlandırdığımız şey nə dərəcədə azaddır?
Bu baxımdan kvant mexanikasının müşahidəçi effekti də maraqlı paralellik yaradır. Sistem müşahidə olunana qədər müxtəlif ehtimallar şəklində mövcuddur. Odissey də yol boyu saysız seçimlərlə qarşılaşır. Lakin bəlkə də bu seçimlər fərqli yollar deyil, eyni taleyin müxtəlif təzahürləridir. O, sadəcə taleyini yaşamır; onu dərk etdikcə həyata keçirir.
Zaman məsələsi də burada xüsusi məna qazanır. Odissey iyirmi ildən sonra evinə qayıdır, amma qayıtdığı yer əvvəlki yer deyil. Daha doğrusu, dəyişən İtaka deyil, onun özüdür. İnsan heç vaxt tərk etdiyi yerə olduğu kimi qayıtmır. O yalnız keçmişini yeni şüurla yenidən mənalandırır.
Bəlkə də Nolanın əsas sualı da budur:
Əgər hər şey əvvəlcədən müəyyən edilibsə, insanın mübarizəsinin mənası nədir?
Bu sual bizi miflə elmin kəsişdiyi nöqtəyə gətirir.
Elm bizə kainatın necə işlədiyini izah edir.
Mif isə həmin kainatda insan olmağın nə demək olduğunu.
Fizika zamanın qanunlarını göstərir. Homer isə zamanın insan ruhunda buraxdığı izləri.
Buna görə də Odissey bu gün də yaşayır. Çünki onun hekayəsi qədim Yunanıstana yox, insan təbiətinə aiddir. Texnologiya dəyişir, nəzəriyyələr yenilənir, amma insanın ev həsrəti, mənaya ehtiyacı və özünə qayıtmaq arzusu dəyişmir.
Nolanın filmlərində mifologiya həm də tamaşaçı üçün emosional dayaq rolunu oynayır. Kvant fizikası, nisbilik və zaman paradoksları təkbaşına soyuq nəzəriyyələr kimi görünə bilər. Odissey isə həmin mürəkkəb ideyalara insan üzü verir. O zaman fizika tənlik olmaqdan çıxır, insan taleyinə çevrilir.
Bəlkə də Nolan bizə demək istəyir ki, ən mürəkkəb elmi nəzəriyyələr belə insanın min illərdir verdiyi sualları yenidən ifadə edir. Dillər dəyişir, həqiqət isə eyni qalır.
Odissey evinə qayıdanda əvvəlki adam deyildi. Elə buna görə əvvəlki İtaka da artıq mövcud deyildi. İnsan keçmişinə qayıtmır; onu yenidən mənalandırır.
Səyahət İtakaya çatanda bitmir. O, insan özünü yenidən oxumağa başladığı anda tamamlanır. İtaka gedib çatdığın yer deyil. İtaka keçmişin ağırlığını daşımağa ehtiyac duymadığın, burada və indi özünlə barışdığın daxili tarazlığın adıdır.
Əgər Nolanın filmi bu həqiqəti göstərə bilsə, o zaman bu film sadəcə Homerin yeni ekranlaşdırılması olmayacaq. O, insanın zaman, yaddaş və özünə qayıdış haqqında bitməyən düşüncəsinin müasir davamına çevriləcək.
1 avqust 2026
İbrahim Nebioğlu

