"Amma və lakin..."

Bu gün, 12:18           
"Amma və lakin..."
1989-cu il. Başda Həsənağa Turabov olmaqla böyük bir heyətlə Moskvada, Ümumittifaq Teatr Xadimləri Birliyinin qurultayına gəlmişdik. Qaldığımız "Rossiya" mehmanxanasında vəziyyət gərgindir. İş bu ki, vestibüldə paranoya halına yaxın durumda olan erməni arvadları dolaşır və bizlərlə dava salıb şüvən qaldırmaq niyyətlərini gizlətmir. Ayı boyda milis nəfərləri onlardan ötrü hər cür səmərəli şərait yaradıb və özlərinə bəlli ssenarini gerçəkləşdirməyə müntəzirdilər.

... Həsənağa Turabovla səhər yeməyimizi bitirib də kafedən çıxdığımız anda qabağımızı "Aykanuş" kəsdi: gözləri bərəlmiş, dodaqları titrəyir, yerində təpik vurur. Bunu görcək həmən anladım ki, kobud çıxmasın, zibilə düşdük. İki milis nəfəri kənarda arxası bizə durub da qulaqları şəkləyiblər: "Aykanuş" fəryada başlayan kimi bizi yaxalayacaqlar. Aydın məsələdir ki, əsas "obyekt" Həsənağa Turabov idi. Çünki "Aykanuş" məni itələyib də cumdu onun üstünə. Və başladı! Ağzından tüpürcəklərlə birgə sözlər uçdu: bəs, mən səni tanıdım, sən Gəncə aeroportunun rəisisən, bizo şəhərdən qovan sən oldun, bütün əmlakımızı əlimizdən sən aldın, sən aeroportda bizi təhqir etmisən, özü də şəxsən mənə əl də qaldırmısan!!!
Başımı itirməyə az qalmışdı ki, Həsənağaya baxdım. Və həmən özümə gəldim. Çünki o, dodaqlarında məşhur təbəssümlə qayğıkeş baxışlarını "Aykanuşun" düz gözünə dikib maraqla onun çılğın monoloqunu dinləyirdi.
"Aykanuş"un "fısı" yatmağa başladı: zavallı provokator "obyekt"in bu cür reaksiyasına hazır deyildi. Çaşqın halda yan-yörəsinə baxdı və monoloqunu bu dəfə iki-üç ton aşağı, amma və lakin sözbəsöz təkrar etdi. Həsənağa öz növbəsində qayğı və maraq dərəcəsini yüksəltdi və "tərəf-müqabilini" bununla tamam-kamal ram etdi. "Aykanuş" söndü, həmən bu anda milislər də yoxa çıxdı və biz dəli ilə təkbətək qaldıq. O baxdı, biz baxdıq, yaman baxabax düşdü!.. Kifayət qədər uzun çəkən sükutdan sonra Həsənağa tələsmədən əlini cibinə saldı, oradan SSRİ Ali Sovetinin deputat kitabçasını çıxartdı, aramla obu açdı və "Aykanuş"un gözünə yaxınlaşdırdı. "Aykanuş" çar-naçar sənədi oxudu və bila-ixtiyar özünü düzəltdi. Həsənağa kitabçanı cibinə qoydu və səsindəki məlahəti maksimum dərəcəyə çatdırıb da:
- Sualın var? - deyə soruşdu.
"Aykanuş" :
- Yoxdu, - dedi və kənara çəkildi.
... Dəhlizlə xeyli yeriyəndən sonra dözməyib də arxaya döndüm: "Aykanuş" tok vurmuş qaşqaldaq kimi yerindəcə donun qalmışdı...
Vaqif İbrahimoğlunun "Amma və lakin..." kitabından
Vasif Ayan
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru