Daş Dövründə Qalmış Zehniyyət. Niyə zənginlərimiz zəkaya deyil, daş-kəsəyə pul xərcləyir?

Bu gün, 09:14           
Daş Dövründə Qalmış Zehniyyət.
İnkişaf etmiş cəmiyyətlərin zənginləri çoxdan anladılar ki, gələcəyin ən böyük valyutası neft, qızıl və ya torpaq deyil; ideya və texnologiyadır. Bu gün o ölkələrin investorları milyardlarını birbaşa insan zehninə yatırırlar: proqram mühəndisliyinə, süni intellektə (AI), biotexnologiyalara, kvant kompyuterlərinə və kosmik sənayeyə.
Təsəvvür edin ki, "Facebook", "Instagram", "TikTok" və ya "ChatGPT" kimi rəqəmsal platformaların öz investorlarına və yaradıldıqları dövlətlərə verdiyi xeyir, bizim onilliklər boyu yerin təkindən çıxarıb satdığımız neft və qazdan qat-qat çoxdur. Üstəlik, neft və qaz çıxarıldıqca tükənir, hər barel bizi sona bir az daha yaxınlaşdırır. Amma proqram təminatı, kod və alqoritmlər istifadə olunduqca kiçilmir, əksinə, böyüyür və dəyərini artırır.
Qərb milyarderi insan zəkasına investisiya yatırarkən bizim zənginlər hələ də "Kvadrat metri neçəyədir?" sualının ətrafında fırlanırlar. Bizim zənginlərimizin, oliqarxlarımızın iqtisadi dünyagörüşü 19-cu əsrin feodal məntiqindən, "torpaq ağalığı" fəlsəfəsindən o tərəfə keçə bilmir. İnvestisiyalarını yalnız torpaq sahələrinə, ard-arda düzülən lüks villalara, saysız-hesabsız mənzillərə, nəhəng şadlıq saraylarına və ticarət mərkəzlərinə yatırırlar. Bizim biznes təfəkkürümüzün təməlində istehsal deyil, alıb-satmaq və icarəyə vermək dayanır. Xaricdən ucuz alıb daxildə baha satmaq, ya da obyekt tikib aylıq kirayə pulu ilə yaşamaq. Biz heç nə istehsal etmədiyimiz üçün böyük bir "supermarket xalqına" çevrilmişik. Ən son model smartfonları alırıq, ən lüks maşınları sürürük, amma özümüz aftafa belə istehsal etmirik. Kənardan varlı görünürük, lakin altımızdakı iqtisadi zəmin bir kibrit çöpü qədər kövrəkdir.
Tarix amansızdır. Daşa, kərpicə və gəzinti mərkəzlərinə sərmayə qoyan cəmiyyətlər, laboratoriyalara, insan zehninə sərmayə qoyan cəmiyyətlərin qullarına çevrilməyə məhkumdur. Biz yerdən çıxanı yeyib bitirən, qazandığını betona basdıran cəmiyyət olaraq qalacağıq.
Dr. Benjamin Karimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru